ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi regiona səfər edəcək

Filip Riker

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilmiş səfir Filip Riker bu həftə regiona səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib. O qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.

"Qafqaz danışıqları üzrə baş məsləhətçimiz səfir Riker bu həftə regiona səfər edəcək və bu onun yeni vəzifədə ilk səfəri olacaq. Bu bölgəyə müntəzəm səyahət etməyi gözləyirik. O, bu axşam yola düşəcək, Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək. Hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək üçün yollar axtarmaq, həll edilməmiş məsələləri həll etmək və gələcəkdə regional münasibətlərlə bağlı birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək" , Patel Turan agentliyinin müxbirinin sualının cavabında deyib.

Ötən ay dövlət katibi Entoni Blinken səfir Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib.

"Səfir Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əsasda əməkdaşlıq edəcək" , Blinken avqustun 24-də verdiyi bəyanatda bildirib.

Səfir Rikerin keçən həftə Brüsseldə keçirilən danışıqlara niyə qatılmaması ilə bağlı suala cavabda isə Patel deyib ki, bu, "ABŞ-ın rəhbərlik etdiyi yox, Aİ-nin rəhbərlik etdiyi prosesdir".

Xatırladaq ki, Bakı Rikerin təyinatına mənfi reaksiya verib, bunu ATƏT-in Minsk Qrupunu canlandırmaq cəhdi kimi qiymətləndirib.

"Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir" , Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva qeyd edib.