Müsavat fəalı Əziz Məmiyev azadlığa buraxılıb

Əziz Məmiyev

Müsavat Gənclər Təşkilatı İdarə Heyətinın üzvü Əziz Məmiyev azadlığa buraxılıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

“Bu gün Əziz Məmiyevin müddəti tamam olub azadlığa çıxdı,” o bildirib.

İyulun 20-də quru sərhədlərin açılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya zamanı saxlanılan Məmiyev 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə DİN-in Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib. Onun sözlərinə görə, iyulun 19-da bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirmək cəhdlərinin qarşısını alarkən Məmiyev polislərin qanuni tələbinə riayət etməyərək onlara müqavimət göstərib.

Müsavat Partiyası son günlər fəallarının həbsini bu partiyaya qarşı repressiya tədbirləri kimi qiymətləndirir.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi əqidəsinə görə təqib edilmədiyini, bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox insan siyasi məhbus kimi tanıdğını bildirir. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyər göstərir.