Avqustun 15-də rəsmi Vaşinqton işarə edib edib ki, Azərbaycan vətəndaşı olduğu bildirilən Xalid Mehdiyevin iştirakı ilə iranlı jurnalist Məsih Əlinejada qarşı sui-qəsdi “transmilli akt” kimi qiymətləndirir.
“Biz bunu transmilli repressiya və bəzi yollarla transmilli təcavüzə cəhd kimi görürük. Ədliyyə Departamenti ona qarşı sui-qəsd barədə məlumat yayıb və açıq-aydın o vaxtdan bəri hadisələrlə bağlı məlumatlar var. Mən bu işdə iştirak edən konkret aktyorlar haqqında danışmaq istəmirəm, çünki hələ də aktiv hüquq-mühafizə komponenti var. Amma İran təkcə repressiya deyil, həm də təcavüz ixrac etməyə çalışan çoxsaylı hökumətlərdən biridir. Və biz yenə də əlimizdə olan bütün vasitələrdən, o cümlədən bu halda hüquq-mühafizə orqanlarından istifadə edərək, ilk növbədə fərdlərə qarşı təhdidlərin qarşısını almağa çalışdıq. Biz təkcə ona deyil, Con Boltona da qarşı sui-qəsdlə bağlı danışdıq və bu cür fəaliyyət davam edərsə, ciddi nəticələrin olacağını aydınlaşdırmaq üçün əlimizdə olan vasitələrdən istifadə etdik,” Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqdə bildirib.
Azərbaycan vətəndaşı olduğu deyilən Xalid Mehdiyev Əlinejadın evinin yaxınlığında gizlənərək onun pəncərəsinə baxıb giriş qapısını açmağa cəhd edərkən polis onu saxlayıb. Dövlət Departamenti Mehdiyev, onun viza statusu, hətta İranla mümkün əlaqələri barədə əlavə məlumat verməyib.
Tanınmış jurnalist və qadın hüquqları müdafiəçisi olan Məsih Əlinejad Amerikanın Səsinə müsahibədə “İran rejiminin diktaturanı normallaşdırmaq üçün Qərbdəki idmançılardan istifadə etdiyini” bildirib.
“Bu, əslində İran rejiminin idmandan, idmançılardan “İslam Respublikasına yox” deyən, “gender aparteid rejiminə yox” deyən fəalları öldürmək, terrorizə etmək və hədələmək üçün istifadə etdiyini göstərir,” o, müsahibədə deyib.
ABŞ mətbuatında yayılan məlumata əsasən, 28 iyulda iranlı jurnalist Məsih Əlinejadın Nyu York şəhərinin Bruklin ərazisindəki evinin qarşısında yerli hüquq mühafizə orqanlarının müşahidəsinə görə özünü “şübhəli” aparan azərbaycanlı Xalid Mehdiyev saxlanılıb.
Nyu York Polis Departamentinin əməkdaşları Mehdiyevi Bruklin ərazisində “stop” işarəsinə məhəl qoymadan avtomobili sürməyə davam etdikdən sonra saxlayıblar. Polis əməkdaşlarının bildirdiyinə görə o, avtomobilini müvafiq lizensiyası olmadan idarə edib.
Baxış zamanı hüquq mühafizə rəsmiləri 23 yaşlı Mehdiyevin idarə etdiyi Subaru Forester avtomobilində dolu vəziyyətdə olan AK-47 avtomatı, həmin silah üçün əlavə daraq və 1,100 ABŞ dolları aşkar ediblər.
Rəsmilərin verdiyi məlumata əsasən, saxlanılan şəxs ilkin olaraq AK-47-in saxlanıldığı çantanın onun olmadığını desə də, daha sonra silahın ona məxsus olduğunu etiraf edib. Mehdiyev daha sonra vəkil tərəfindən təmsil olmaq hüququnu qeyd edərək, hələlik bu mövzuda danışmayacağını bildirib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti Amerikanın Səsinin Xalid Mehdiyevin Azərbaycanın dövlət sərhədini nə vaxt keçməsi ilə bağlı sorğusuna cavabda bildirib ki, insanların dövlət sərhədini keçməsi ilə bağlı məlumatlar konfidensialdır.
“Dövlət sərhədini keçməsi ilə bağlı məlumatlar yalnız sərhədi keçən insanın özünün müraciəti və məhkəmənin qərarı əsasında verilir,” Mətbuat Xidmətinin əməkdaşı Amerikanın Səsinə deyib.
Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə suallarını Dövlət Miqrasiya Xidmətinə yönəltməyi məsləhət biliblər.
Dövlət Miqrasiya Xidmətinin Mətbuat Xidmətindən bildiriblər ki, qurum ölkəyə gələn xarici vətəndaşların işi ilə məşğul olur. Ölkəni tərk edən vətəndaşların işləri onların səlahiyyətinə daxil deyil.
ABŞ-ın Azərbaycandakı Səfirliynin Mətbuat xidməti Xalid Mirzəyevin hansı statusda Amerikaya getməsi ilə bağlı sorğusunun cavabında ABŞ Ədliyyə Nazirliyinə müraciət edilməsini məsləhət bilib.
Xalid Mehdiyev 2013-cü ilədək Azərbaycan Cudo Federasiyasının üzvü olub.
Azərbayacan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Amerikanın Səsinə deyiblər ki, Mehdiyev cüdo komandasına daxil olsa da bir müvəffəqiyəti olmayıb.
“Onun məşqçisindən öyrənmişik ki, Mehdiyev 2013-cü ildə Cüdo Federasiyasını tərk edib. Məşqçsisi xatırlayıb ki, o sonra Amerikaya köçüb. Mehdiyev və onun ailəsi barədə Cüdo Federasiyasında hər hansı məlumat yoxdur,” mətbuat xidmətinin əməkdaşı Amerikanın Səsinə deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Amerikanın Səsinin “Nyu Yorkda tutulan Xalid Mehdiyevin Azərbaycan vətəndaşı olub-olmadığı, onun Azərbaycanı nə vaxt tərk etdiyi və Azərbaycanla hansı əlaqələri olduğuna dair suallarına hələ cavab verməyib.