Accessibility links

23 yaşlı silahlanmış azərbaycanlı Nyu Yorkda iranli dissident jurnalistin evinin yaxınlığında həbs olunub


Məsih Əlinejad Amerikanın Səsinin Fars xidmətinə danışır. (Arxiv fotosu)
Məsih Əlinejad Amerikanın Səsinin Fars xidmətinə danışır. (Arxiv fotosu)

ABŞ mətbuatında yayılan məlumata əsasən, 28 iyulda iranlı jurnalist Məsih Əlinejadın Nyu York şəhərinin Bruklin ərazisindəki evinin qarşısında yerli hüquq mühafizə orqanlarının müşahidəsinə görə özünü “şübhəli” aparan azərbaycanlı Xalid Mehdiyev saxlanılıb.

Nyu York Polis Departamentinin əməkdaşları Mehdiyevi Bruklin ərazisində “stop” işarəsinə məhəl qoymadan avtomobili sürməyə davam etdikdən sonra saxlayıblar. Polis əməkdaşlarının bildirdiyinə görə o, avtomobilini müvafiq lizensiyası olmadan idarə edirdi.

Baxış zamanı hüquq mühafizə rəsmiləri 23 yaşlı Mehdiyevin idarə etdiyi Subaru Forester avtomobildə dolu vəziyyətdə olan AK-47 avtomatı, həmin silah üçün əlavə daraq və $1,100 ABŞ dolları aşkar ediblər.

Rəsmilərin verdiyi məlumata əsasən, saxlanılan şəxs ilkin olaraq AK-47-in saxlanıldığı çantanın onun olmadığını desə də, daha sonra silahın ona məxsus olduğunu etiraf edib. Mehdiyev daha sonra vəkil tərəfindən təmsil olmaq hüququnu qeyd edərək, hələlik bu mövzuda danışmayacağını bildirib.

Bu hadisə ilə bağlı yayılan xəbərlərdə Mehdiyevin peşəkar cüdoçu olduğu qeyd edilir. Azərbaycan Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ülkər Abbasovanın Amerikanın Səsinə bildirdiyinə görə, Xalid Mehdiyev ən son 2012-ci ildə yeniyetmələrdən ibarət yığmanın üzvü olub və sonradan komandanı tərk edib.

Jurnalist Məsih Əlinejad İran rejiminə qarşı danışdığı üçün keçən il iranlı millətçi qrup tərəfindən oğurlanmasının planlaşdırıldığı iddia edilir. Rəsmi ittihama əsasən plan İran kəşfiyyatı rəsmiləri tərəfindən təşkil edilib. İranın Xarici İşlər Nazirliyi isə bu ittihamları “əsassız və gülünc” adlandırıb və belə bir planda İran rəsmilərinin iştirakını inkar edib.

Sərbəst jurnalist olaraq Əlinejad habelə Amerikanın Səsi ilə əməkdaşlıq edir. Hazırda Amerikanın Səsinin Fars Xidmətinin Tablet teleproqramının aparıcısı qismində fəaliyyət göstərən Məsih Əlinejadla bağlı açıqlama verən Amerikanın Səsinin ictimai əlaqələr üzrə rəsmisi jurnalistin evinin yaxınlığında silahlı şəxsin həbs edilməsindən sarsıldığını bildirib.

Amerikanın Səsinin hər hansı bir əməkdaşına qarşı aktiv hədə baş verdiyi təqdirdə götürülən təhlükəsizlik ölçülərinin təfərrüatına varılmır.

"Lakin biz məlumatlandıra bilərik ki, bu yaxınlarda baş vermiş insidentə baxmayaraq Məsih bu həftənin proqramının normal vaxtında efirə çıxmasına hazırlaşır." - açıqlamada bildirilir.

XS
SM
MD
LG