Azərbaycan və Ermənistan arasında hərbi gərginlik davam edir

Avqustun 3-də baş verən döyüşlərdən sonra Azərbaycan və Ermənistan arasında hərbi gərginlik hələ də davam etməkdədir. Tərəflər bir-birini atəşkəsi pozamqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri ümumilikdə 10 dəfə atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan Ordusunun mövqeləri 6 dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində, 4 dəfə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

“Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür,” Azərbaycan Müdafiə Nazirliyi qeyd edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, son günlər Ermənistan-Azərbaycan sərhədinin bir sıra istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı rəsmi Bakının yaydığı məlumat həqiqətə uyğun deyil.

"Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır," Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi xatırladır ki, avqustun 6-da Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində qarşı tərəfin açdığı atəş nəticəsində əsgər yaralanıb.

Özünü Artsax (Qarabağ) Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti kimi təqdim edən qurum isə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı reallığa uyğun gəlmir, avqustun 8-də əhəmiyyətli insident qeydə alınmayıb.

“Nisbi sabitliyə baxmayaraq, gərginlik davam edir,” məlumatda qeyd edilir.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.