Türkiyədə “İranda Türkcə Yer Adları” adlı böyük həcmli bir kitab nəşr edilib. Ötüken nəşriyatı tərəfindən yayımlanan kitab Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki yer adlarına həsr edilib.
1327 səhifəlik kitabın müəllifləri Nasir Xaze Şahgölü və Vəliullah Yaqubi, redaktoru isə Umut Başardır. Kitab Türkiyə dövlətinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) və İran Araşdırmaları Mərkəzinin (İRAM) dəstəyi ilə çap edilib.
Ötüken Nəşriyyatının veb səhifəsində yazılanlara görə, “kitabda dörd vilayətdəki türkcə yaşayış yerlərinin adları (oykonimlər), eləcə də şəhərlərin önəmli məhəllə və rayon adları ilk dəfə bir araya gətirilərək tədqiq edilmişdir.”
“İranda Türkcə Yer Adları” kitabında tədqiq edilən 10,573 yaşayış yerindən 5,315 yerin adının türkcə və ya monqolca olduğu müəyyən edilib. Monqol adlarının sayca məhdud (cəmi 224 ədəd), ancaq əhəmiyyət baxımından diqqətəlayiq olduğu qeyd edilib. Əsərdə həmçinin yer adlarının strukturu və müəyyən edilmiş əsas adlandırma ənənələri linqvistik baxımdan ələ alınıb.
SEE ALSO: Vali müavini: İran Azərbaycanında 2000 tarixi türk adı farsa çevrilib“İranın inzibatı bölgüsünə görə düzülən lüğət bölümündə yer adlarının normativ formaları, kök və strukturları, xalq ağzındakı tələffüz formaları və keçmişdən günümüzə qədər dəyişdirilmə halları kimi çeşitli məlumatlar verilib. Bu çalışmanın Türkiyədəki İran araşdırmalarına töhfə verəcəyi gözlənilir,” Ötüken Nəşriyyatının saytında dərc edilib.
İran Azərbaycanında mədəni fəallar və bəzi yerli siyasətçilər illərdir müxtəlif bölgələrdə yerlərin tarixi türk adlarının dəyişidirilməsinə etiraz edirlər.
SEE ALSO: Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edirPəhləvi dönəmindən bəri İran Azərbaycanı başda olmaqla İranın müxtəlif bölgələrində adı türkcə olan bir çox şəhər, kənd, çay, dağ və digər yerlərin adları farscaya dəyişdirilib. 2014-cü ildə Qərbi Azərbaycan vilayətinin ovaxtkı vali müavini Hadi Bahadıri “Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini” qeyd etmişdi.
İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi almaqda da çətinlik çəkirlər. Bəzi ailələr şəxisyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.
Keçən mart ayında İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcəyini bildirmişdi. Tehran polisi isə daha əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin yasaq olduğunu açıqlamışdı.