Urmiyə gölü etirazları ilə əlaqədar tutulanlar "ümumi intizamı pozmaq"da ittiham olunur

Mikayıl Qulipur və Huşəng Nağızadə

Urmiyə gölü etirazları ilə əlaqədar saxlanılan milli fəallar Huşəng Nağızadə və Mikayıl Qulipur 6 gün nəzarətdən sonra mülki zəmanət qarşılığında Urmiyənin mərkəzi həbsxanasından sərbəst buraxılıblar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Nağızadə və Qulipur müvafiq olaraq 700 və 500 milyon tümənlik mülki zəmanət qarşılığında azad ediliblər. Onların məhkəmə prosesi davam edəcək.

Huşəng Nağızadə iyul ayının 16-da Urmiyədəki iş yerində, Mikayıl Qulipur isə həmin gün təşkil olunan aksiya zamanı saxlanılıb. Urmiyədə nəzarət altına alınan faəllar və vətəndaşların bir hissəsi Doqquz Pillə məhəlləsindəki kəşfiyyat həbsxanasına aparılıblar. Onlara "ümumi intizamı pozmaqda" ittiham olunduqlarını bildirib. Saxlanılanlar daha sonra kəşfiyyat həbsxanasından Urmiyənin mərkəzi həbsxanasına köçürülüblər.

Keçən günlərdə İranın polis və təhlükəsizlik qüvvələri Urmiyə, Təbriz, Sulduz və Qoşaçay şəhərində etiraz aksiyalarına qatılan və ya qatılmağa çalışan bir çox fəal və vətəndaşı nəzarət altına alıb.

Urmiyə gölü etirazları ilə bağlı hazırda müxtəlif şəhərlərdə nəzarətdə saxlanılan fəalların sayı məlum deyil. Tutulanların bir çoxu mülki zəmanət qarşılığında, bəziləri isə zəmanətsiz sərbəst buraxılıb.

İyul ayının 16-da Urmiyə şəhərində etiraz aksiyası baş tutub, ancaq Təbriz və digər şəhərlərdə vəndaşlar polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıblar.