Iranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində mədən işçilərinin keçirdiyi tətil və piketlə əlaqədar həbslər davam edir.
Süngün mis mədəni kompleksinin podratçı şirkətlərinə çalışan işçilərin iyul ayının 5-də başlatdığı və azı 5 gün davam edən aksiyalarda təqribən 7 işçi ilk günlərdə nəzarət altına alınmışdı. Hüquq müdafiəçiləri həbslərin etirazlar başa çatdıqdan sonra da davam etdiyini bildirir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi daha sonra saxlanılan işçilərdən Kazım Şahi, Saleh Məhəmmədi, Məhəmməd Mahmudi, İsmail İbadi və Ziyad Mahmudinin adlarını dərc edib.
HRA-nin məlumatına görə, əvvəlki günlərdə həbs edilən işçilərdən də azı 6 nəfər hələ nəzarətdə saxlanılır.
SEE ALSO: Şərqi Azərbaycanda mədən işçilərinin etirazı davam edir"İran İşçilərinin Azad Birliyi" isə təqribən 20 işçinin təhlükəsizlik və polis qüvvələri tərəfindən saxlanıldığını bildirib. Birliyin Telegram kanalında yazılanlara görə, iyul ayının 9-da saxlanılan ətraf mühit müdafiəçisi Behnam Zareinin həbsi də mədən kompleksində baş verən etirazlarla bağlıdır.
İyulun 5-də iki işçinin nəzarət altına alınmasına reaksiya olaraq başladılan aksiya və tətilə qatılan işçilər polis zorakılığına məruz qalıblar. Sosial mediada yayılan videogörüntülərdə polis özəl qüvvələrinin aksiyaya qatılan işçilərə hücum etdiyi görünür.
Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan yüzlərlə işçi keçən ildən bəri dəfələrlə tətil və piket təşkil edərək aşağı əmək haqqı, habelə bərbad iş və məişət şəraitinə etiraz, əmək haqqı və ödənişlərinin artırılmasını tələb edirlər.