Bir qrup müharibə iştirakçısı hüquqlarının təmin edilməsi tələbi ilə aksiya keçirib

İyulun 13-də bir qrup İkinci Qarabağ Müharibəsi iştirakçısı Milli Məclisin binasının qarşsısna gələrək hüquqlarının təmin olunması və hökumətin müharibə iştirakçılarına dair qərarlarının həyata keçirilməsi üçün deputatlarla görüş tələb edib.

Aksiya iştirakçıları jurnalistlərlə söhbət zamanı hakimiyyəti müharibə iştirakçıları arasında intihar hallarının artmasının qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb.

"Nəyə görə qazilərimiz intihar etməlidir? İnidyədək rəsmi olaraq 36 qazi intihar edib. Bu ictimaiyyətə açıqlanan məlumatdır. Əslində intihar edən qazilərin sayı daha çoxdur. Mənim döyüş yoldaşım da intihar edib, amma ictimaiyyətə açıqlanmayıb. 35 qazinin intiharına ictimaiyyət elə də reaksiya vermədi. 36-cı qazi intiharından əvvəl öz videosunu çəkdi, sonra sosial şəbəkələrdə yayıldı. Bundan sonra xalq reaksiya verdi" , aksiya iştirakçılarından biri deyib.

Onun fikrincə, qazilərin intiharında günahkar şəxslər cəzalandırılmalıdır.

"Qazi icra hakimiyyətinin binası qarşısında özünü yandıraraq intihar edib. Bəs icra hakimiyyəti başçısı niyə cəzalandırılmır? İcra hakimiyyəti başçısı qazinin intiharına səbəb olur, sonra da gedib onun yasında iştirak edir. Hələ qazinin psixi problemlərinin olmasından danışır" , etirazçı qeyd edib.

Digər etirazçı Elnur Rüstəmov deyib ki, müharibədən sağ çıxanlar hansısa icra hakimiyətinin binası qarşısında, hansısa başqa binaların qarşısında intihar edir.v

"Bu hallara son qoymaq lazımdır. Bunun səbəbi odur ki, qazinin evdə vəziyyəti pisdir, maddi cəhətdən problemləri var, işçi qüvvəsi yoxdur, sağlamlığını itirib. İşləyə bilmir. 80 manat təqaüd verirlər. 80 manatla nə dolanışıq təşkil etmək olar? Mən həmişə sual verirəm ki, hansı pul verirsiniz ki, onun ünvanı tapılmır. Bu uşaq puluna bənzəyir. Adı var, özü yoxdur" - deyə o bildirib.

Parlament tətildə olduğu üçün müharibə iştirakçıları Prezident Administrasiyasının binasının qarşısına gəlib. Onlar Prezident Administrasiyasında qəbul edilib.

İkinci Qarabağ müharibəsi iştirakçısı Elvin Cəfərov iyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırraraq intihara cəhd edib. O iyulun 11-də xəstəxənada vəfat edib. Müharibə iştirakçısının intiharı ictimaiyyətin kəskin tənqidinə səbəb olub.

Baş Prokurorluğun Mətbuat xidməti bildirib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, müharibə veteranı Rey Kərimoğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, müharibə veteranlarının intiharının birinci səbəbi müharibə faktorudur.

"İntihar hər bir fərdin psixoloji anıdır. Bu insanlar od-alov, çətinlik, insan faciəsini görüb. Yəni, müharibə kino deyil, başqa bir səhnədir".

O, eyni zamanda Azərbaycanda icra strukturlarının idarəetməsində çox ciddi qüsurların olduğunu bildirir. Rayon icra hakimiyyətlərindən başlayarq nazirliklərə qədər idarəetmədə qüsurlar var.

"İcra strukturları bu insalarla xüsusi işləməlidir, normal münasibət qurulmalıdır. Münasibətlər düzgün qurulmur. Bəzən bir müharibə iştirakçısına hər şey edilir, başqa müharibə iştirakçısına heç nə edilmir. Yəni, hansı müharibə iştirakısı hüquqlarını səsli qaydada tələb edir, ona nə isə verirlər. Kim isə sakit durur, ona heç nə yoxdur. Bəzi müharibə iştirakçıları ki, özlərinə qapanıblar, hüquqlarını tələb etmirlər, onlar da zaman-zaman intihar edir" , o qeyd edib.

Kərimoğlu hesab edir ki, ölkədə müharibə iştirakçıları ilə münasibətləri tənzimləyən vahid qanunvericilik aktı yoxdur. Bu münasibətləri nizamlayacaq vahid bir hökumət qurumu da olmalıdır.

"Azərbaycanda bu sahədə vahid bir qanunvericilik aktı yoxdur. Şəhid ailələrinin qanunvericlik aktı ayrıdır. Veteranlar haqqında qanun var, qazilər haqqında bir qanunvericilik aktı yoxdur, onlarla münasibətlər əlillər haqqındakı qanunvericiliklə qurulur. Bir də ayrı-ayrılıqda prezidentin fərman və sərəncamları var" , o qeyd edib.