İran Azərbaycanın müxtəlif şəhərləri və sosial mediada Urmiyə gölü ilə bağlı geniş bir kampaniyanın başladılmasının ardınca İran Parlamentinin islahatçı və mühafizəkar millət vəkilləri arasında mövzu ilə bağlı mübahisələr yaranıb.
Yarı-rəsmi İSNA agentliyinə istinadən, Təbrizin islahatçı millət vəkili Məsud Pezeşkiyan iyulun 12-də İran Parlamentindəki nitqində Urmiyə Gölünün hazırkı vəziyyəti ilə bağlı İbrahim Rəisi hökümətini sərt tənqid edib.
Təbrizin digər millət vəkili mühafizəkar siyasətçi Ruhullah Mütəfəkkir Azad bir neçə gün öncə Ruhani dönəmində təsis edilmiş "Urmiyə Gölünü Canlandırma Mərkəzinin xərclədiyi milyardlar tümən puldan bir nəticə alınmadığını" ifadə etmişdi.
SEE ALSO: Məhv olmaq üzrə olan Urmiyə gölü ilə bağlı böyük kampaniya başladılıbMəsud Pezeşkiyan isə İbrahim Rəisi hökümətinin Urmiyə gölü üçün heç bir iş görmədiyini önə çəkib.
"Keçmiş hökümətin (Həsən Ruhani dövrü) Urmiyə gölünü canlandırmaq üçün başlatdığı işlər yeni hökümətdə dayandırılıb. Heç bir hərəkət etmirlər. Urmiyə gölü üçün heç bir büdcə ayırmayıblar. Prezident [İbrahim Rəisi] bu xüsusda göstəriş verib, ancaq icra olunmayıb" - deyə, Ensaf News internet portalı Pezeşkiyana istinadən dərc edib.
Sabiq nazir və Təbrizin İran Parlamentindəki hazırkı millət vəkili Məsud Pezeşkiyan islahatçı və mötədil qanadın daha nüfuzlu olduğu 10-cu parlamentin (2016-2020) sədrinin birinci müavini olub. O, eyni zamanda "Türk Bölgələri Fraksiyasına" başqan seçilmişdi. Pezeşkiyan indi mühafizəkarların əksəriyyətdə olduğu 11-ci məclisdə artıq bir müxalif kimi çıxış edir.
Sosial media istifadəçiləri, siyasi fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.
Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.