Accessibility links

Urmiyə gölünün sahəsi kiçildikcə duz fırtınalarının təhlükəsi böyüyür


İran dövlət agentliyi İRNA-nın cümə günü yaydığı məlumata görə, Urmiyə gölünün sahəsi keçən ildən bəri təqribən 30 faiz kiçilib. Ekspertlər gölün sahəsi kiçildikcə bölgədə duz fırtınası təhlükəsinin artdığını önə çəkirlər.

İRNA-nın Qərbi Azərbaycan vilayətinin regional su şirkətinə istinadən yaydığı xəbərdə keçən ilin eyni dönəminə görə Urmiyə gölü sahəsinin təqribən 30 faiz, həcminin isə 40 faizdən artıq azaldığı qeyd edilib.

“Gölün sahəsi hazırda 2489 kvadrat olub. Bu rəqəm keçən ilin eyni dövrünə görə 1015 kvadrat daha azdır. Suyun həcmi isə keçən ilə nisbət 2.18 milyard kubmetr azalaraq, 3.11 milyard kubmetrə çatıb,” Qərbi Azərbaycan regional su şirkətinin baş direktoru Məcid Dəstgahi agentliyə söyləyib.

Təbriz başda olmaqla İran Azərbaycanının bir çox şəhəri bir neçə ildir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkirlər. İran mətbuatına danışan ekspertlər göl sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.

Həsən Ruhani höküməti 2021-ci ilə qədər Urmiyə Gölünü canlandıracağını vəd etmişdi. Ancaq rəsmi statistikalar Urmiyə gölünün indiki vəziyyətinin 2013-14-cü illərdəki kritik vəziyyətdən daha bərbad olduğunu göstərir.

Urmiyə gölünün canlandırılması və türk dilinin tədrisinə dair verdiyi vədlərini yerinə yetirməyən Ruhani Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” və “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” kimi şüarlar ilə qarşılanmışdı.

Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.

XS
SM
MD
LG