Məhv olmaq üzrə olan Urmiyə gölü ilə bağlı böyük kampaniya başladılıb

Bu günlərdə İran Azərbaycanında ətraf mühit müdafiəçiləri, türk fəallar və sosial media istifadəçilərinin əsas gündəmi tamamilə məhv olmaq üzrə olan Urmiyə gölüdür.

Khabar Online agentliyinin "Urmiyə Gölü ölümlə boğuşur" başlığı altında yaydığı xəbərdə yazılanlara görə, Qərbi Azərbaycan vilayətinin regional su şirkəti 3 həftə əvvələ qədər Urmiyə gölünün sahəsi, suyun səviyyəsi və həcmi ilə bağlı müntəzəm olaraq statistik məlumatlar yayırdı. Ancaq gölün vəziyyəti o qədər bərbad olub ki, artıq şirkət məlumatları dərc etməyi dayandırıb.

Sosial media istifadəçiləri, siyasi-ictimai fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiyə gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.

SEE ALSO: Urmiyə gölünün sahəsi kiçildikcə duz fırtınalarının təhlükəsi böyüyür

Tanınmış siyasi fəal Abbas Lisani şənbə günü mövzu ilə bağlı yayımladığı səsli mesajda İranda hakim olan "siyasi iradənin Urmiyə Göülünü öz mənfəətlərini təmin etmək üçün qurutmağa qərar verdiyini" önə çəkib.

SEE ALSO: “Ruhani! Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı.”

İnsan haqları cəmiyyəti AHRAZ tərəfindən yayımlanan səs faylında Abbas Lisani deyir ki, gölü qurudaraq Azərbaycan coğrafiyasını çöllüyə çevirmək istəyirlər.

Cümə günündən bəri minlərlə social media istifadəçisi Twitter, İnstagram, Clubhouse və Facebook kimi sosial şəbəkələrdə Urmiyə gölü ilə bağlı yazılar və görüntülər paylaşıb və söhbət otaqları təşkil ediblər.

Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi öz Twitter hesabında yazıb ki, Şərqi Azərbaycan vilayətinin Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası Azərbaycan Ətraf Mühit Evi ilə birlikdə Urmiyə Gölünün vəziyyəti ilə əlaqədar hökümət və məsul qurumlara qarşı iddia qaldırmaq üçün məhkəməyə müraciət edəcəklər.