Təbriz millət vəkili Məsud Pezeşkiyan İranın daxili və xarici siyasətində əsas problemlərin olduğunu qeyd edib.
Pezeşkiyan Ensaf News internet portalına verdiyi müsahibədə daxili siyasətdə birlik və bərabərliyin gündən-günə zəiflədiyini, xarici siyasətdə isə İranın qonşuları ilə münaqişəli bir vəziyyətdə olduğunu önə çəkib.
Heç bir ölkəyə müdaxilə etməməliyik ancaq, istəyərək ya istəməyərək, elə hadisələr olur ki, qonşu ölkələr bizim onların işlərinə qarışdığımızı düşünürlər.Məsud Pezeşkiyan
"Ölkə daxilində bir vaxtlar sahib olduğumuz birlik və bərabərlik artıq yoxdur və gündən-günə zəifləyir. Dünən qardaş idik, bu gün bir-birimizə düşmən olmuşuq. Bu, bu gün ölkənin birliyini təhdid edən ən böyük təhlükədir və günü-gündən də daha pisləşir" , tanınmış siyasətçi söyləyib.
İslahatçı vəkil daxildəki problemin xarici siyasətə də təsir etdiyini ifadə edib: "Hələ Amerika və Avropanı bir kənara qoyaq, biz qonşularımızla münaqişə etməliyik, yoxsa dost olmalıyıq? Qonşularımız bizim dost olduğumuzu hiss etmirlər. Ölkə içində problem yaradan amillər xaricdə də eyni problemlərə yol açıb".
Millət vəkilinin fikrincə, qonşu ölkələr İranın onların daxili işlərinə qarışdığını düşünürlər.
"Bizim xaricdəki dialoq tərzimiz diplomatik bir dialoq və böyük rəhbərimizin "hikmət, izzət və məsləhət" şüarındakı məsləhət əsasında deyil. Biz heç kəslə münaqişə etməməliyik, amma hamı ilə münaqişəliyik. Heç bir ölkəyə müdaxilə etməməliyik, ancaq istəyərək ya istəməyərək, elə hadisələr olur ki, qonşu ölkələr bizim onların işlərinə qarışdığımızı düşünürlər" - deyə, Məsud Pezeşkiyan əlavə edib.
SEE ALSO: İran Parlamentinin ‘Türk Bölgələri Fraksiyası’na nə oldu?Təbriz millət vəkili Məsud Pezeşkiyan islahatçı və mötədil qanadın daha nüfuzlu olduğu 10-cu parlamentin (2016-2020) sədrinin birinci müavini olub. O, eyni zamanda "Türk Bölgələri Fraksiyasına" başqan seçilmişdi. İslahatçı qruplara yaxın bir siyasətçi kimi tanınan Pezeşkiyan yenə parlamentdədir. O, mühafizəkarların əksəriyyətdə olduğu 11-ci məclisdə artıq bir müxalif kimi çıxış edir.