Əmir Mərdani: İranda iqtisadi vəziyyət ağırlaşdıqca etirazlar radikallaşır

Əmir Mərdani

Siyasi fəal Əmir Mərdani Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında getdikcə daha radikal şüarların səsləndirildiyi iqtisadi aksiyalar haqqında danışıb.

Your browser doesn’t support HTML5

Əmir Mərdani Amerikanın Səsinə danışır

Onun sözlərinə görə, siyasi və iqtisadi aksiyalar əvvəllər ayrı-ayrı təşkil olunurdu, ancaq İranda orta sinifin yoxsullaşması ilə birlikdə iki növ etiraz aksiyaları birləşir.

Getdikcə iqtisadi durumun ağırlaşdığından dolayı ortada olan kəsim də artıq daha yoxsullaşır. Dolayısı ilə bu iki kəsim artıq iç-içə girib və biz siyasi-iqtisadi aksiyalara şahidik.

“İqtisadi vəziyyət o qədər ağır olub ki, artıq özləri də bunu etiraf etməyə məcbur qalırlar. Keçmiş prezidentlərin dönəmində, bunu o hökümətdə olan başçıların kifayətsizliyinə bağlayırdılar. Amma, İbrahim Rəisinin iş üstünə gəlməsindən sonra, artıq deyə bilmirlər ki, filan kəsin kifayətsizliyindən asılıdır. İndi də görürük ki, cümə imamları və başqa məsullar deyirlər bu bir ilahi imtihandır. Milləti səbrə-dözümə dəvət edirlər,” Mərdani söyləyir.

SEE ALSO: Mahmud Bilgin: Təbrizdə təqaüdçülərin yürüşü iqtisadi etirazların siyasi müstəviyə keçdiyini göstərir

O, son bir neçə ilə qədər İranın müxtəlif bölgələrində keçirilən kütləvi etirazların ümumiyyətlə siyasi xarakter daşıdığını, ancaq son illərdəki aksiyaların əsasən iqtisadi vəziyyətlə əlaqədar olduğunu vurğulayır.

Siyasi fəalın sözlərinə görə, “biz 5-6 il öncəyə qədər İranın bir çox yerində siyasi aksiyalara şahid olurduq. Yəni azadlıqlar məsələsi ilə ilə bağlı etirazlar. 2009-cu ildəki olaylar və ya Güney Azərbaycanda 2006-cı ildəki aksiyalar kimi. Bu aksiyalara qatılanların bir çoxu orta sinifə mənsub olan kəsim idi. Ancaq, son illərdə iqtisadi durumun bərbad bir yönə getməsi aşağı təbəqədə olan əhalinin küçəyə çıxmasına səbəb oldu.”

Artıq iqtisadi durum çətinləşdikcə yoxsul təbəqə daha da radikallaşacaq. Çünki, əllərində olan imkanları da itirirlər.

Əmir Mərdani bir müddətdir artıq siyasi və iqtisadi etirazların birləşdiyi yeni bir mərhələnin başladığını ifadə edir.

“Məsələn 2009-cu ildə ki, millət siyasi məsələlər ilə bağlı küçəyə çıxmışdı, o aşağıdakı kəsim bunlara qatılmadı. İqtisadi vəziyyətlə bağlı etirazlara da ortada olan kəsim qatılmamışdı. Amma getdikcə iqtisadi durumun ağırlaşdığından dolayı ortada olan kəsim də artıq daha yoxsullaşır. Dolayısı ilə bu iki kəsim artıq iç-içə girib və biz siyasi-iqtisadi aksiyalara şahidik.”

İyun ayının 6-da Təbrizdə təqaüdçülərin təşkil etdiyi böyük etiraz yürüşündə sayları minlərə çatan nümayişçilər İran dövləti və rəsmilərinə qarşı sərt şüarlar səsləndirdi.

SEE ALSO: Zəncanda aksiya keçirən təqaüdçülər prezident Rəisi əleyhinə şüarlar səsləndirib

Əmir Mərdani deyir, “artıq Güney Azərbaycanda da belə aksiyaların olması və o şəkildə şüarların səsləndirilməsi çox önəmlidir. Bundan öncə Azərbaycanda müəyyən kəsimlərin təşkil etdiyi iqtisadi aksiyalar sadəcə o kəsimin tələbləri əsasında həyata keçirilirdi. Aksiyaları bədəl ödəmədən həyata keçirməyə çalışırdılar. Artıq iqtisadi durum çətinləşdikcə yoxsul təbəqə daha da radikallaşacaq. Çünki, əllərində olan imkanları da itirirlər.”

O, təqaüdçülərin yürüşünə işarə edərək deyir ki, “bu olaylarda elə o orta sinif meydana gəlib və şüarlarını da bilərəkdən gətirib ayrı səviyyətə çıxardı. Məsələn İbrahim Rəisi əleyhinə şüar vermək, deyə bilərik ki, dolayısı ilə İranın başında olan dini və siyasi lider Xameneyi əleyhinə şüar verməkdir.”