RATİ Azərbaycan hökumətini tənqidçilərinə qarşı təqibləri dayandırmağa çağırır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini xarici ölkələrdə olan tənqidçilərinə qarşı təqibləri dayandırmağa çağıran bəyanatla çıxış edib.

Siyasi mühacir və bloger Məhəmməd Mirzəlinin "sifarişli qətlinə" cəhd "şokedici" adlandırılıb. Ehtimal olunan iki killer 14 iyun 2022-ci ildə Fransada saxlanılıb. Əvvəllər də Mirzəliyə iki dəfə sui-qəsd olub.

“Bu cinayətlərin sifarişçiləri Azərbaycanın hakim elitasının yüksək vəzifəli nümayəndələridir və onlar blogerin YouTube və Facebookda Made in Azerbaijan səhifəsində ictimai çıxışlarından özlərini təhqir olunmuş hesab edirlər,” sənəddə qeyd edilir.

RATİ iddia edir ki, Avropada azərbaycanlı siyasi mühacirlərə hücumların artması müşahidə olunur.

“Belə ki, apreldə İsveçrədə yaşayan bloger Manaf Cəlilzadəyə hücum olub. Onu döyən naməlum şəxslər Azərbaycan dilində ondan hakimiyyətin tənqid olunmasını dayandırmağı tələb ediblər.

Son həftələrdə Almaniyada naməlum şəxslər bloger Tural Sadıqlını və Orxan Ağayevi izləyiblər. Bundan öncə Almaniyada Azərbaycan hakimiyyətinin tənqidçiləri Rafael Piriyev və Habil Məmmədova hücumlar olub,” bəyanatda deyilir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Avropa ölkələrinin hakimiyyətlərini həmin şəxslərə qarşı törədilən cinayətlərin hərtərəfli və effektiv araşdırılmasını həyata keçirməyə və onların effektiv müdafiəsini təmin etməyə çağırır.

“Avropa Şurası Azərbaycan hakimiyyətindən öz tənqidçilərinə qarşı bu cür cəza tədbirlərini dayandırmağı tələb etməlidir,” RATİ qeyd edir.

İyunun 16-da gecə saatlarında Fransada mühacirətdə olan azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərliyə bu ölkənin Mulhouse şəhərində fiziki hücum olub. O, hücum nəticəsində üz, əl və kürək nahiyyəsindən yara alıb. Hücumçular odlu silahdan da istifadə edib.

İsgəndərli sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınıb.

Rəsmi Bakı RATİ-nin bəyanatına hələ şərh verməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti insanları iradəsinə görə təqib etmədiyini bildirir və bir qayda olaraq bu yönümdə təndiqləri qərəzli sayır.

RATİ 2006-cı ildə təsis edilib. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı ofisi hüquq mühafizə orqanları tərəfindən bağlanıb, hüquqi fəaliyyəti dayandırılıb. İnstitutun rəhbərləri mühacirətə gedib.