Accessibility links

Bloger Mehman Hüseynov 2 il həbsə məhkum edildi [Video]


Bloger Mehman Hüseynov 2 il həbsə məhkum edilib
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Bloger Mehman Hüseynov 2 il həbsə məhkum edilib

Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayır

Martın 3-də Bakının Suraxanı Rayon Məhkəməsi bloger Mehman Hüseynovu 2 il müddətinə azadlıqdan məhrum edib.

Bu gün məhkəmə saat 10.30-da başlayıb və iki saat yarım müddətində çox sürətlə başa çatdırılıb, hökm elan edilib. Hətta prosesə sədrlik edən hakim Ceyhun Qədimov son sözə hazırlaşmaq üçün cəmi yarım saat vaxt verməsinə baxmayaraq, 10 dəqiqə keçməmiş məhkəmə zalına qayıdıb və hökmü elan edib.

Əksinə, xüsusi ittiham qaydasında məhkəməyə verilməyim mənə qarşı böhtandır. Mən həbsim zamanı başıma gətirilənlərin cəmi 10 faizi barədə danışmışam. 90 faizini də danışsaydım yəqin ki, məni sui-qəsddə ittiham edərdilər.

Blogeri xüsusi ittiham qaydasında məhkəməyə vermiş Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov xüsusi ittihamçının adından məhkəmədən Mehman Hüseynova 3 il həbs verilməsini xahiş edib.

Mehman Hüseynov 2017-ci il yanvarın 9-da axşam saatlarında saxlanıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Nəsimi Rayon Məhkəməsi həmçinin blogerin işgəncəyə məruz qalması ilə bağlı şikayətinin prokurorluqda araşdırılması barədə qərar qəbul edib. Bakı şəhər Prokurorluğu şikayətin əksini tapmadığı qənaətinə gəlib və işgəncə ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib.

Hüseynov Nəsimi rayon Məhkəməsinin qarşısında jurnalistlərə bildirib ki, işgəncəyə məruz qalıb, başına torba keçirilib.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotolarını yayıb.

Ancaq, Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Beləliklə, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

Hakim Ceyhun Qədimov ilk öncə Mehman Hüseynovun şəxsiyyəti ilə bağlı məlumat verib.

"Bizə təqdim edilmiş sübutlara əsasən siz Mehman Hüseynovsunuz. Öz dediyinizə görə, bilmədiyiniz ünvanda yaşayırsınız, ali təhsillisiniz, subaysınız. Bunları təsdiq edirsiniz", hakim qeyd edib.

Hüseynov deyilənləri təsdiq etməyib. "Mənim nə xarici pasportum, nə qeydiyyat vəsiqəm, və doğum şəhadətnaməm yoxdur. Adım və şəxsiyyətim barədə məlumatları sistemdən pozublar. Bu səbəbdən xəstəxanalar da məni qəbul etmir", bloger bildirib.

Hakim blogerə bununla bağlı inzibati-iqtisad məhkəməsinə şikayət etməsini məsləhət görüb.

Mehman Hüseynov məhkəməyə sərbəst ifadəsində deyib ki, onun məhkəməyə verilməsi jurnalist fəaliyyətinə görə yuxarıdan gələn sifarişdir və özünü təqsirli bilmir. O böhtan atmadığını deyib.

"Əksinə, xüsusi ittiham qaydasında məhkəməyə verilməyim mənə qarşı böhtandır. Mən həbsim zamanı başıma gətirilənlərin cəmi 10 faizi barədə danışmışam. 90 faizini də danışsaydım yəqin ki, məni sui-qəsddə ittiham edərdilər," o bildirib.

Bloger yanvarda saxlanılması zamanı başına gətirilənlər barədə məhkəməyə bunları deyib.

“Məni 2016-cı ilin dekabrından izləyirdilər. Dekabrın 26-da məni tutmaq istəyirdilər. O zaman onların əlindən qaçdım. Dedilər ki, səni onsuz da tutacağıq. O zaman media vasitəsi ilə bu barədə məlumat yaydım. 2017-ci il yanvarın 5-dək evdən bayıra çıxmadım. Dostlarım məsləhət bildilər ki, bayıra çıxanda tək olmayım. Yanvarın 9-da dostlarımdam aralanıb 20 metr getməmiş mülki geyimli şəxlər mənə hücum etdi. Bu küçədə olan 30-40 insanın gözü qarşısında baş verdi.

Sonradan bildim ki, saxlanmağıma Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini rəhbərlik edib.

Mehman Hüseynov Elmar Hüseynovun qəbri önündə
Mehman Hüseynov Elmar Hüseynovun qəbri önündə

Məni saxlayan 7-8 nəfər şəxs yerə yıxdılar və ayaqlarımın keyməsi üçün nə isə poroşok vurdular. Sonra başıma torba keçirib, qolumu və ağzımı bağlayıb avtomobilə mindirdilər. Bir saatadək avtomobildə məni gəzdirdilər. Bu zaman bir nəfər üzərimdə oturmuşdu, biri deyirdi “bandotdelə”, o birisi deyirdi başqa polis idarəsinə aparaq. Nəhayət, bir otağa gətirdilər. Orada bir saat yarım yenə bir nəfər üzərimdə oturmuşdu, digərləri məni döyməklə və təhqir etməklə məşğul idi. Nəhayət gözlərimi açdılar və bu zaman Kəngərli familyalı sahə müəvəkkilini tanıdım. O qabaqlar qardaşım Emin Hüseynova də işgəncə vermişdi. İkinci boyca uzun olan rəis mənə öz dediyi kimi bir neçə “ağsaqqal silləsi” vurdu. Bu zaman huşumu itirdim və üzümə su vurub məni ayıltdılar. Açıq dedi ki, məni blogerlik fəaliyyətimə, reportajlarıma və statuslarıma görə saxlayıblar. Sonra başıma torba keçirib başqa yerə apardılar və əlimi, ağzımı yenə bağladılar. Biri üzərimdə oturmuşdu. Digərləri isə foto və video çəkib, deyirdilər ki, yayacaqlar. Orada yetərincə döydülər və yenə rəis dedikləri şəxsin otağına apardılar. Rəisin otağında yenidən huşumu itirdim. Təcili tibbi yardım çağırdılar, həkim dedi ki, bunu kim bu günə salıb, xəstəxanaya aparmaq lazımdır. Ancaq, ona rəis dedikləri şəxs icazə vermədi. Təcili tibbi yardımın həkimi mənə iki iynə vurdu. Məni yuxu aparırdı, bu zaman yadımdadır ki, əlimdən tutaraq nəyəsə qol çəkdirdilər. Yuxudan ayılanda səhər açılmışdı. Məni səhər saat 11-də Nəsimi rayon Məhkəməsinə apardılar. Lakin, məhkəmə saat 16-da başladı. Orada məhkəmədə dedilər ki, guya mən mübahisə etmişəm, polisin qanuni tələbinə tabe olmamışam, 200 manat cərimə edib azad buraxdılar. Məhkəmənin qarşısında isə jurnalistlərə işgəncəyə məruz qalmağım, oğurlanmağım və başıma torba keçirilməsi ilə bağlı danışdım”, bloger məhkəməyə ifadəsində deyib.

Hüseynov məhkəmədən xahiş edib ki, dediklərini sübut üçün rəisin otağında olan video kameralardakı görüntülər məhkəməyə təqdim edilsin.

“Məhkəməyə dediklərim düzdür. Bunu təsdiq edən faktlar və şahidlər var. Mən qorxmuram, sərbəstəm, rahatam. İttihamı qəbul etmirəm. Mənim dediklərim böhtan deyil, həqiqətdir. Onlar mənə qarşı şər, böhtan atırlar”, bloger bildirib.

Bu zaman hakim blogerin başına salınan torbanın ağ və ya qara rəngdə olmasını mübahisələndirib.

“Başıma torba salıblar. Torbanın ağ və ya qara olmasının nə dəxli var. Torba elə torbadır. Gözüm bağlı idi”, bloger dodaqaltı gülümsəyərək cavab verib.

Vəkil Elçin Sadıqov bloger həbs edilməmişdən öncə onunla birgə olmuş Ülvi Həsənli, Elçin Şərifov, Məsud Əsgər, Samir Əsədlinin şahid kimi dindirilməsi, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin, sahə müəvkkili Kəngərlinin, Bakı Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəis müavinin məhkəməyə dəvət edilməsi, blogerə işgəncə verilən rəisin otağındakı, Nəsimi rayon Polis İdarəsinin və idarənin ətrafındakı, Hüseynovun tutulma yerindəki video kameralarda yanvarın 9-da çəkilmiş görüntülərin məhkəməyə təqdim edilməsi, inzibati xəta törətmə, tutulma barədə protokolların məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.

Xüsusi ittiham qaydasında blogeri məhkəməyə verən tərəfin nümayəndəsi Əlirza Həbilov vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş edib.

“Çünki vəkilin qaldırdığı vəsatətlərə artıq Nəsimi rayon Məhkəməsi qiymət verib və Mehman Hüseynovu 200 manat cərimə edib. Prokurorluq isə işgəncə barədə deyilənləri təsdiq etməyib”, o qeyd edib.

Məni 2016-cı ilin dekabrından izləyirdilər. Dekabrın 26-da məni tutmaq istəyirdilər. O zaman onların əlindən qaçdım. Dedilər ki, səni onsuz da tutacağıq.

Bu zaman hakim blogerin vəkilinin vəsatətlərinin heç birini təmin etməyib və Mehman Hüseynova son söz üçün yarım saat vaxt verildiyini bildirib. Vəkil təkrar-təkrar Musa Musayevin məhkəməyə gəlməsi barədə vəsatət qaldırsa da hakim təmin etməyib.

Elçin Sadıqov məhkəmədən son söz üçün bir həftə vaxt istəyib. Hakim buna da məhəl qoymayıb.

Lakin görünür, yarım saat vaxt da hakimi qane etməyib. Cəmi on dəqiqədən sonra hakim iclas zalına qayıdaraq son söz verib və çox az zamanda hökmünü elan edib. Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilsin.

Elçin Sadıqov məhkəmənin çəkişmə prinsipinə əməl etmədiyini, hökmün qanunsuz və əsassız olduğunu bildirib.

Vəkil hökmdən apellyasiya şikayəti verəcək.

Mehman Hüseynov həbs edildi
please wait

No media source currently available

0:00 0:01:39 0:00

XS
SM
MD
LG