İranın Zəncan vilayətində təqaüdçülər keçən 2 həftə ərzində dəfələrlə etiraz aksiyası keçiriblər. Zəncanlı təqaüdçülərin iyunun 14-də təşkil etdiyi növbəti aksiyada prezident İbrahim Rəisi əleyhinə türk dilində şüarlar səsləndirilib.
Sosial şəbəkələr, o cümlədən "İran İşçilərinin Azad Birliyi"nin Telegram kanalında yayılan videogörüntürlərdə nümayişçilərin "daş başıva, Rəisi!" və "kül başıva, Rəisi" kimi şüarlar səsləndirdiyi eşidilir.
Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər keçən aylardan bəri İranın müxtəlif bölgələrində etiraz aksiyaları keçirirlər. İran Azərbaycanında təşkil olunan aksiyalarda İran dövləti və rəsmilərinə qarşı şüarlar ilk dəfə iyun ayının 6-da Təbrizdə təşkil olunan böyük yürüşdə eşidilib.
İyunun 6-da Təbrizdə yürüşə qatılanlar "Baznişəstə (təqaüdçü) nə istir? Haqq-hüququn(u) istir", "xalqını aldadan dövlətə ölüm!", "bizim düşmən buradadır - Amerika deyil, yalandır", "Ustandar (vali)! Sən gəlmədin, biz gəldik" kimi şüarlar səsləndirmişdilər.
SEE ALSO: Mahmud Bilgin: Təbrizdə təqaüdçülərin yürüşü iqtisadi etirazların siyasi müstəviyə keçdiyini göstərirKeçən günlərdə Amerikanın Səsinə danışan siyasi fəal Mahmud Bilgin artıq İran Azərbaycanında iqtisadi etirazların siyasi müstəviyə keçdiyini və bu mərhələdə Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Təqaüdçülərin təmsilçiləri əvvəlki aylarda agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.