İraqda cəzaçəkmə müəssisəsində saxlanılan iki uşaq Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumatda deyilir ki, 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəyə repatriasiyası həyata keçirilib.
"Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur" -deyə, məlyumatda bildirilir.
Xarici İşlər Nazirliyi hesab edir ki, repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır.
"Bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb", qeyd olunub.
Xatırlatma
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2021-ci il dekabrın 27-də deyib ki, ümumilikdə 2021-ci ildə İraq və Suriyadan Azərbaycana 81 nəfər gətirilib. Onların 69-u uşaq və 12 nəfəri qadındır.
"Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat" adlı yekun hesabatda bildirilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.