DİN Müsəlman Birliyi Hərəkatı üzvlərinin işgəncə barədə iddialarını inkar edir

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu deyir.

Bu barədə DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov mediaya rəsmi açıqlama verib.

"Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər," Ehsan Zahidov bildirib.

O deyib ki, dünyanın ən inkişaf etmiş, ən demokratik ölkəsində polis belə halda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir.

"Bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar, " o bildirib.

Ehsan Zahidov qeyd edib ki, Mail Kərimovun və Süleyman Ələkbərovun polis əməkdaşları tərəfindən döyülməsi, təhqir edilməsi barədə deyilənlər yalan və uydurma iddialardır.

“Çox təəssüflə qeyd edirəm ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi "hüquqşünas"lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır," o əlavə edib.

Müsəlman Birliyi Hərəkatı üzvləri işgəncəyə məruz qaldıqlarını deyirlər

Mayın 23-də Müdafiə Xətti insan haqları təşkilatı Müsəlman Birliyi Hərəkatı üzvlərinə qarşı son günlər törədilən zorakılıq və işgəncə faktları ilə bağlı mətbuat konfransı keçirib.

Müdafiə Xətti" təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, mayın 20-də polis əməkdaşları Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovu, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Razi Hümbətovun məhkəməsinin binasının qarşısında zorakılıqla saxlayaraq naməlum istiqamətə aparıblar. Hüquq müdafiəçisi deyib ki, hərəkatın hər iki üzvü işgəncəyə məruz qalıb.

Rüfət Səfərov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər şəxsdən üçü haqqında həbs qərarı çıxarılıb, digər ikisi isə buraxılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayevdir. Onlar polisə müqavimət ittihamı ilə təqsirləndirilib və 1 ay inzibati həbs cəzası alıblar.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib:

"Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim," o bildirib.

Konfransda Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da məhkəmə önündə saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

"Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər… Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər" - deyə, o bildirib.

Xatırlatma

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib.

Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Razi Hümbətovun atası məhkəmə qərarını qərəzli adlandırıb.

Atasının sözlərinə görə, Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq, onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildirsə də, bu məsələ araşdırılmayıb.

Polis Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn Müsəlman Birliyi Hərəkatının ona yaxın tərəfdarını saxlayıb.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi başlamazdan əvvəl polis əməkdaşları gələnləri uzaqlaşdırmağa başlayıb .

"Prosesə gələnləri dörd hissəyə bölərək Nizami kinoteatrı tərəfə kobud şəkildə uzaqlaşdırdılar"- deyə, o bildirib.

Hümbətov 2021-ci il iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gün sonra vəkil öyrənə bilib ki, hələ 8 iyula qədər Nərimanov Rayon Məhkəməsi onu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edib. Onu 12 ilə qədər həbs gözləyib.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri Razi Hümbətovu siyasi məhbus kimi tanıyıblar.