Hüquq müdafiəçisi Fuad Əhmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslər və bu sahədə problemlərin həlli yollarından danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Azərbaycana aid hesabatlarda siyasi məhbus məsələləri daha çox diqqət mərkəzindədir. Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslər Avropa Şurasının siyasi məhbus kimi tanınma kriteriyasına nə qədər uyğundur?
Bu gün bizim hesablamalarımıza əsasən Azərbayacanda 130 üzərində siyasi məhbus var.
Fuad Əhmədli: Sözsüz ki, illər boyudur bizim Azərbaycanda insanların siyasi yüklü həbsləri ilə bağlı monitorinqlər aparmağımıza, bununla bağlı dəlilli faktlar ortaya qoymağımıza baxmayaraq, hakimiyyət siyasi məhbusların olmasını inkar etməkdə davam edir. Bu gün bizim hesablamalarımıza əsasən Azərbayacanda 130 üzərində siyasi məhbus var. Bu, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus adlandırılan, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu adlandırılan şəxslərdir. Biz əsasən Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insanların etiqad azadlığına, siyasi, ideoloji mənsubiyyətinə, peşə fəaliyyətinə, həmçinin sadəcə olaraq prossesual ədalətli mühakimə hüququnun pozulduğuna görə həbsini müəyyən etmişik. Biz bununla bağlı artıq bir neçə beynəlxalq təşkilatla illərdir danışıqlar aparırıq. Onların qəbul etdiyi vicdan məhbusu siyahısını nəzərdən keçirmişik. Hüquq müdafiəçiləri tərəfindən tərtib olunan istər dəqiqləşdirilmiş siyasi məhbuslar siyahısı, istər monitorinq altında olan siyasi məhbuslar siyahısı çoxşaxəlidir, müxtəlif mövzuları əhatə edir. Burada "Gəncə hadisələri", "Nardaran hadisələri", müxalif siyasi partiyaların həbs olunan nümayəndələri var. Həmçinin jurnalistləri, blogerləri, ilahiyyatçıları və digər şəxsləri özündə ehtiva edir.
Amerikanın Səsi: Hazırda ölkədə siyasi məhbus kimi tanınan nə qədər insan var? Bu insanlar hansı fəaliyyətləri ilə bağlı həbs həyatı yaşayır?
Son günlərdə Avropadan Azərbaycana bizim qənaətimizə görə qanunsuz olaraq deportasiya olunan mühacirlərin həbsi var.
Fuad Əhmədli: Azərbaycanda əsasən siyasi məhbuslar dininə, siyasi mənsubiyyətinə, ideoloji bağlantısına və peşə fəaliyyətinə görə həbs olunan insanlardır. Belə ki, son məşhur olaylardan, - 2018-ci ildə "Gəncə hadisələri" ilə bağlı həbs edilən insanlar var. Burada Yunis Səfərov və digər siyasi məhbusları əhatə edən 20-dən artıq siyasi məhbusu müəyyən etmişik. Bundan əlavə, məşhur "Tərtər olayları" ilə bağlı həbs olunan insanlar var. "Tovuz işi" ilə bağlı həbs olunan İlkin Süleymanov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 7 nəfər siyasi məhbsunu müəyyənləşdirmişik. Son günlərdə Avropadan Azərbaycana bizim qənaətimizə görə qanunsuz olaraq deportasiya olunan mühacirlərin həbsi var. Bunlardan Samir Aşurov, Malik Rzayev, Pünhan Kərimli, Mütəllim Oruc və digər şəxslər də qondarma ittihamlarla həbs olunub. Bunlar da siyasi yüklü həbslər siyahısına daxil edilib.
Amerikanın Səsi: Azərbaycanda siyasi məhbus probleminin həlli üçün hansı islahatlar önə çəkilməlidir? Bir sıra müşahidəçilər siyasi məhbus kimi tanınan şəxslərin əfv ediləcəyini bildirir. Sizcə əfv siyasi məhbus probleminin həlli ola bilərmi?
Siyasi mənsubiyyət, etiqad azadlığı və digər kriteriyalar üzrə insanların qanunsuz həbsinə son qoyulmalıdır.
Fuad Əhmədli: Bizim qənaətimizə əsasən xeyr. Çünki, biz Azərbaycanda siyasi məhbus probleminin həlli üzrə üç əsas istiqaməti təklif etmişik. Birinci, bu vaxtadək siyasi yüklü həbs edilən insanların qeyd-şərtsiz azad edilməsi, bunların bəraət almasıdır. Çünki, Avropa Məhkəməsinin də araşdırmalarına əsasən, bu insanların bir çoxu haqqında yekun qərar olmasa da, artıq kommunikasiya mərhələsində bu insanların siyasi yüklü və qanunsuz həbslərinə eyham vurulur. Bu insanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır və bəraət təqdim olunmalıdır. İkinci vacib addım ondan ibarətdir ki, bundan sonra artıq insanların siyasi mənsubiyyətinə görə təqibinə və həbsinə son qoyulmalıdır. Siyasi mənsubiyyət, etiqad azadlığı və digər kriteriyalar üzrə insanların qanunsuz həbsinə son qoyulmalıdır. Üçüncü, ən vacib istiqamət bu gün Azərbaycanda yerli və beynəlxalq təşkilatların sərbəst, maneəsiz fəaliyyətinə şərait yaradılmalıdır ki, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycanda insan haqları və siyasi məhbuslarla bağlı real durumu bir mərkəzdən almağa məcbur olmasınlar. Onlar bir mərkəzdən məlumat əldə etdikləri zaman bu məlumat inandırıcı olmur. Zaman-zaman Azərbaycan hakimiyyəti hər şey yaxşıdır, siyasi məhbus yoxdur, insan haqlarına tam şəkildə əməl olunur kimi məsələləri qabartmasına baxmayaraq, bu, inadırıcı görünmür. Çünki, Azərbaycan hakimiyyəti ölkədə faktiki olaraq alternativ infotrmasiya mənbəyi saxlamayıb. Bir çox beynəlxalq təşkilatların Azərbaycanda ofisləri məcburi olaraq bağladılıb. Bir çox yerli hüquq müdafiəçilərinin fəaliyyəti fiziki və digər şəkillərdə məhdudlaşdırılıb. Ölkədə ümumiyyətlə vətəndaş cəmiyyətinin bu günki fəaliyyəti basqılar nəticəsində lazım olandan daha aşağı səviyyəyə endirilib. Buna görə də Azərbaycanda sərbəst mühit, yəni informasiya mühiti yaradılmalıdır. Siyasi məhbusların həbsi dayandırılmalıdır və bu vaxtadək həbs olunan insanların həbsinə ədalətli və hüquqi qiymət verilməlidir.
Amerikanın Səsi: Bir sıra hüquq müdafiə təşkilatları Əfv Komissiyasına siyasi məhbusların azad edilməsi ilə bağlı müraciətlər edib. Sizcə növbəti əfv zamanı siyasi məhbuslar azadlığa buraxıla bilərmi?
Bir neçə siyasi məhbusun azadlığa buraxılması ilə bağlı Azərbyacan hakimiyyətinə müraciətlər göndərilib.
Fuad Əhmədli: Mövcud reallığı nəzərə alaraq siyasi məhbuslarla bağlı Əfv Komissiyasına müraciət ediblər. Amma əslində bir hüquq müdafiəçisinin hər hansı siyasi məhbusun əfv olunaraq azadlığa buraxılması ilə bağlı hansısa hökumət qurumuna müraciət etməsi parodoksaldır. Çünki, həmin hüquq müdafiəçisi əmin olmalıdır ki, bu insan günahsız olaraq həbs olunub. Bu insan siyasi motivlərlə siyasi yülkü həbsə məruz qalıb. Həmin insanın azadlığa buraxılmasını, bəraətini və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək əvəzinə əfvini tələb etmək o deməkdir ki, bu insan hansısa cinayət törədib, sadəcə olaraq bağışlanmasını istəyir. Amma Azərbaycanda mövcud praktika onu göstərir ki, bizdə faktiki olaraq belə bir presedent yox səviyyəsindədir. Hər hansı insan günahsız yerə həbs olunsun, Azərbaycan hakimiyyəti, hakimiyyətin məhkəmə qolu daha sonra etiraf etsin ki, insan günahsızdır, siyasi mənsubiyyətinə görə həbs olunub, azadlığa buraxılsın. Ona görə də yerli hüquq müdafiəçilərinin belə bir müraciəti biz tərəfdən təbii görünür. Yeri gəlmişkən bizdə olan məlumatlara əsasən artıq may ayının sonuna doğru Cümhuriyyət Günü ilə əlaqədar bir neçə siyasi məhbusun azadlığa buraxılması ilə bağlı Azərbyacan hakimiyyətinə müraciətlər göndərilib. Müraciətlərə mənfi və ya müsbət cavab veriləcəyi əlbəttə Azərbaycan hakimiyyətinin təşəbbüsündədir. Lakin bizim istəyimiz, tələbimiz bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsidir.
Qeyd: Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir. Ölkə prezidenti Azərbaycanda fundamental azadlıqların, o cümlədən, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bildirib.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.