PEN Kanada: Rza Bərahəninin görüşü İranla məhdudlaşmırdı

Fikir azadlığını müdafiə edən PEN Kanada təşkilatı bu yaxınlarda vəfat edən təbrizli yazar və fikir adamı Rza Bərahəninin xatirəsinə həsr olunmuş bir yazı yayımlayıb. Mərhum Bərahəni 2001-2003 illərində həmin təşkilatın prezidenti olub.

Bərahəninin “möhtəşəm yazar, insan hüquqlarının amansız müdafiəçisi və söz azadlığının cəsur döyüşçüsü” olaraq təqdim edildiyi yazıda, onun İranın qeyri-fars icmalarının hüquqları urğrunda mücadiləsindən də bəhs edilib.

“Bərahəni İranın yazarlar, ziyalılar və etnik azlıqlara tətbiq etdiyi zülmə mütəmadi şəkildə etiraz edib. O həm Şah rejimi, həm də 1979 inqilabından sonra İslam Respublikası tərəfindən həbs və işgəncəyə məruz qalıb. O, ilk dəfə 1973-cü ildə dil, etnik və mədəni kimlikləri basdırılmış qeyri-fars icmalarını müdafiə etdiyi üçün həbs edilib,” bəyanatda bildirilib.

Təşkilatın saytında dərc edilən yazıda bir zamanlar ABŞ-ın Harper’s jurnalı tərəfindən Bərahəniyə verilən “İranın yaşayan ən yaxşı şairi” ünvanına işarə edilib.

PEN Kanada “Bərahəninin vizyonunun İrana məhdud olmadığını” qeyd edib. Yazıda onun PEN Kanada və Beynəlxalq PEN təşkilatının missiyasına verdiyi töhfələrə diqqət çəkilib.

Təşkilatın yayımladığı yazıda, həmçinin Joanne Leedom-Ackerman, Harun Siddiqui, John Ralston Saul, Ron Graham və Grace Westcott kimi Kanadalı yazarların Bərahəni haqqında düşüncələrinə yer verilib.

Harun Siddiqui şənbə günü Toronto Star qəzetində dərc etdiyi yazısında qeyd edib ki, “Bərahənini tanımaq çağdaş İranın iztirabını bilməkdir.”

SEE ALSO: Toğrul Atabay: Rza Bərahəni türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən idi

Tanınmış şair, yazar, ədəbiyyatşünas və Pen Kanadanın sabiq prezidenti doktor Rza Bərahəni martın 24-də Kanadanın Toronto şəhərində həyatını itirib. Bərahəni uzun bir dönəm İranda fars şeiri ve hekayəsində yenilikçi axımların rəhbəri olub. Həmin dövrlərdə ölkənin bir çox nüfuzlu şair və yazarı özünü Rza Bərahəninin şagirdi hesab edib. Bərahəni eyni zamanda demokratiya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə aparıb və bu səbəblə həbs və işgəncəyə məruz qalıb. Yazar və türkoloq Toğrul Atabay Amerikanın Səsinə müsahibədə mərhum Bərahəninin “türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən” olduğunu ifadə edib.