Türk dil haqları fəallarının başlatdığı #Manofarsi (Mən və Farsca) kampaniyası İranın müxtəlif qeyri-fars icmalarına mənsub minlərlə sosial media istifadəçinin dəstəyi ilə artıq bir sosial media hərəkatına çevrilib.
Your browser doesn’t support HTML5
Kampaniyanın təşəbbüskarlarından sosioloq Sevil Süleymani Amerikanın Səsinə müsahibədə deyir ki, bu kampaniya eyni zülmlər və eyni ayrı-seçkiliklərə məruz qalan insanlara ortaq dərdlər və travmalarını anlatmaq üçün imkan verdi.
O, bu həştəq altında irqçilik və seksizmin birləşdiyi hekayələrin də ortaya çıxdığını önə çəkir.
Bu il bu qərara gəldik ki, Dünya Ana Dili Günü üçün bir kampaniya başladaq və bir neçə həftə öncədən istəyək ki, qeyr-farslar təhmil olunmuş dil ilə əlaqədar öz təcrübələrini anlatsınlar. İstədik ki, bunlar sənədləşdirilsin.
10 gündən artıqdır ki, İranın türk, ərəb, kürd, türkmən, bəluç, gilək, lur və digər etnik icmalarına mənsub minlərlə istifadəçi həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini “Mən və Farsca” həştəqi ilə paylaşırlar.
Sevil Süleymani bu kampaniyanın fikrinin onun öz şəxsi təcrübələrindən çıxdığını qeyd edir.
“Bu kampaniyanın düşüncəsi oradan gəlir ki, mən öz şəxsi təcrübəmi, yəni məktəbin ilk günündə yaşadıqlarımı paylaşmışdım. Belə ki, məktəbə getdiyim ilk gündən müəllim farsca danışırdı. Mən o təsvirləri və o söhbətləri anlamırdım. Heç bir şeyi anlamırdım. O günlərdə yaşadığım o qorxu, o travma illərlə mənimlə qaldı. Bunu mən bir gün Facebookda paylaşdıqdan sonra bir çox mesaj aldım ki, onlar da eyni təcrübəni yaşayıblar,” o söyləyir. “Bu məni düşündürdü ki, bizim ortaq dərdimiz var. Eyni təcrüəbələrdən, eyni zülmlərdən keçmişik. Ancaq, heç vaxt bizim hekayələrimiz İranın nə mediasında, nə akademiyasında, nə də kitablarında, heç bir yerdə əks edilməyib. Hətta biz bunları danışanda bizi lağa qoyurlar.”
SEE ALSO: İran rəsmiləri sosial mediada #Manofarsi kampaniyasına sərt reaksiya göstərir“Mən və Farsca” kampaniyası Sevil Süleymaninin də banilərindən olduğu “İranda təkdilliliyə son!” təşəbbüsü tərəfindən başladılıb.
Məsələn biz türklər bir sıra səsləri farslar kimi tələffüz edə bilmirik. Bu hər zaman bizi lağa qoymaları üçün hədəf halına gətirir.
“Biz keçən il İranda təkdilliliyə son! kampaniyasını başlatdıq. Bu il bu qərara gəldik ki, Dünya Ana Dili Günü üçün bir kampaniya başladaq və bir neçə həftə öncədən istəyək ki, qeyr-farslar təhmil olunmuş dil ilə əlaqədar öz təcrübələrini anlatsınlar. İstədik ki, bunlar sənədləşdirilsin. Biz başqa bir həştəq seçmişdik. Amma Twitter istifadəçilərindən biri öz təcrübəsini #Manofarsi (Mən və Farsca) həştəqi ilə yazdı. Bu həştəq açıq qoyurdu ki, fars dili ilə əlaqədar bütün yaşadıqlarını yazsınlar. [Qeyri-farsların] farsca ilə təcrübələri ola bilər ki, bir travma olsun. Çünki, biz türklər bir sıra səsləri farslar kimi tələffüz edə bilmirik. Bu hər zaman bizi lağa qoymaları üçün hədəf halına gətirir. Mən və Farsca ilə artıq o hekayə onu anladan şəxsin əlindədir. Haraya götürmək istəyirsə götürə bilir.”
SEE ALSO: “Mən və Farsca” – Qeyri-fars iranlılar dil ayrı-seçkiliyinə dair təcrübələrindən yazırİran rəsmiləri və dövlət mediası #Manofarsi kampaniyasına sərt reaksiya göstəriblər. Sevil Süleymani deyir ki, pan-İranist qüvvələr tərəfindən təpki gözləsəydi də, bu təpkilərin dövlət səviyyəsinə yüksələcəyini gözləmirdi.
Bu həştəq altında yazılan hekayələr məktəbin birinci sinifində yaşanan təcrübələrə məhdud qalmadı. Təhqir olunmuş bütün kimliklərin acılarını ortaya çıxardı. Bu, kampaniyanın ən böyük uğurlarından biri bu idi
“Mən kampaniyanın bu qədər geniş yayılacağına da inanmırdım,” o, söyləyir. “Yəni, bilirdim ki, yayılacaq. Bilirdim ki, insanlar bu dərdi yaşayıb. Amma, o təhqirlər İran toplumunda o qədər dərindir ki, yəni, türklər öz aralarında belə bu söhbətləri etmirlər. İlk dəfə bu kampaniya sayəsində o pərdələr qırağa çəkildi. Artıq utanmadan, o təhqir hissini yaşamadan gəlir və yazır ki, mən indi professor olmuşam, amma birinci sifində bunları yaşamışam. Və ya, mən universitetdə danışanda hamı mənə gülüb. Mən o pan-İranist qüvvələr tərəfindən təpki gözləyirdim. Amma, bu təpkilərin dövlət səviyyəsinə çatması bu həştəqin nə qədər geniş yayıldığını göstərir. Göstərir ki, bu kampaniya İran dövlətçiliyinin əsasını, yəni fars milliyyətçiliyini hədəf ala bilib.”
Sosiloq əlavə edir ki, #Manofarsi həştəqi altında irqçilik və seksizmin birləşdiyi hekayələr də ortaya çıxdı.
“Həştəqlərə baxanda, içində bir çox irqçilik hekayələri var. Cinsiyyət ilə bağlı təhqirlər var. Yazır ki, mən türk qadını olduğum üçün mənə belə deyirdilər və ya mən gilək qadını olduğum üçün belə deyirdilər. Yəni, məktəbin birinci sinifində yaşanan təcrübələrə məhdud qalmadı. Təhqir olunmuş bütün kimliklərin acılarını ortaya çıxardı. Bu, kampaniyanın ən böyük uğurlarından biri bu idi,” deyə sosiloq əlavə edir.