İranın qeyri-fars etnik icmalarına mənsub sosial media istifadəçiləri ölkədə etnik azlıqlara qarşı mövcud olan ayrı-seçkiliklər ilə əlaqədar kampaniya başladıblar.
İranın türk, ərəb, kürd, türkmən, bəluç, gilək, lur və digər etnik icmalarına mənsub istifadəçilər həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini “Mən və Farsca” həştəqi ilə paylaşırlar.
Hazırda Utah Universitetində fəlsəfə üzrə doktorluq təhsili alan Lida Sərəfraz öz Twitter səhifəsində Tehranda tələbə ikən gördüyü “irqi mikroaqressiyalar” haqqında yazıb.
“İranda qeyri-farslar səslərini ucaldıb və sonunda bu ölkədə gördükləri zülmlər haqqında danışırlar. Bir türk olaraq, mən yaşadığım mikroaqressiyalar haqqında bir kitab yaza bilərəm,” Sərəfraz yazıb. “Tehranda tələbə ikən, klassik fars ədəbiyyatı professorumuz dəfələrlə türklərin mədəniyyətsiz işğalçılar olduğunu söyləmişdi. Sinifdə bir neçə türk tələbə idik və onun irqçi ifadələrinə etiraz bildirdik. O bizimlə daha da pis davrandı və bizim adımızı ‘milliyyətçi türklər’ olaraq universitetin təhlükəsizlik qurumuna verdi.”
Gilək icmasına mənsub Peymon adlı bir istifadəçi İran toplumunda Giləklərə qarşı yayılmış damğalar və aşağılayıcı ifadələrdən bəhs edib.
O yazıb ki, “farsdilli medianın son yüzildə biz giləklərdən yaratdığı təsvir budur; qeyrətsiz rəştli, qorxaq rəştli, balıq başı yeyən rəştli və s. Fars toplumu da davamlı olaraq bu ifadələri dilə gətirir. Biz belə bir atmosferdə böyüdük. Biz giləklərə deməyin ki, ‘hamımız iranlıyıq’ deməyin!”
Avstraliyada yaşayan tanınmış iranlı kürd yazar Behruz Buçani “Mən və Farsca” kampaniyasını önəmli bir hadisə olaraq dəyərləndirib.
“Mən və Farsca ümumi mədəniyyət arenasında önəmli bir hadisədir. Bir neçə saat ərzində gilək, türk, ərəb və digərlərinə qarşı irqçi davranışlar, təhqirlər və aşağılamalar haqqında yüzlərlə acı xatirə və hekayə bu həştəq vasitəsilə qeyd edilib. Həqiqi İranın nə olduğunu öyrənmək istəyirsinizsə bu həştəqi təqib edin!” Buçani öz Twitter səhifəsində yazıb.