İran rəsmiləri və dövlət mediası qeyri-fars icmalarına mənsub sosial media istifadəçilərinin dil ayrı-seçkiliyi ilə əlaqədar başlatdıqları #Manofarsi (Mən və Farsca) kampaniyasına sərt reaksiya verirlər.
Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 7-də Tehranda keçirdiyi mətbuat konfransında kampaniyanı “İran xalqının kimliyi və fars dilinə qarşı bir müharibə” olaraq dəyərləndirib. O, kampaniyaya qatılanları “xənnas” (iblis) adlandırıb.
Dövlət agentliyi İRNA-nın mövzu ilə bağlı yayımladığı reportajda kampaniyanın “Britaniya və Səudiyyə konspirasiyası” olduğu iddia edilib. İRNA kampaniya xəbərinin BBC Fars xidməti və Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi farsdilli mediada dərc edildiyinə istinadən bu iddianı irəli sürüb.
SEE ALSO: “Mən və Farsca” – Qeyri-fars iranlılar dil ayrı-seçkiliyinə dair təcrübələrindən yazırTürk dil haqları fəallarının təqribən bir həftə əvvəl başlatdığı “Mən və Farsca” kampaniyası qısa müddətdə müxtəlif qeyri-fars icmalarına mənsub minlərlə sosial media istifadəçisinin dəstəyini alıb. Bir həftədən artıqdır ki, İranın türk, ərəb, kürd, türkmən, bəluç, gilək, lur və digər etnik icmalarına mənsub minlərlə istifadəçi həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini “Mən və Farsca” həştəqi ilə paylaşırlar.
Bəzi milliyyətçi iranlılar bu kampaniyaya qarşı “Farscanın qəndi” həştəqi ilə əks-kampaniya başladıblar.
İran daxilində isə bəzi siyasətçilər, fars ədəbiyyatı mütəxəssisləri və dövlət qurumlarının kampaniyaya qarşı verdikləri təpkilər rəsmi və yarı-rəsmi xəbər agentliklərində dərc edilib.
Tehranda nəşr edilən Sazandegi, Cami-Cəm (İran Radio-Televiziya Qurumunun nəşri) və Cavan kimi qəzetlər “Mən və Farsca” kampaniyasını ilk səhifələrində gündəmə gətiriblər. Qəzetlərin başlığında kampaniyanın “fars dilinə qarşı bir sui-qəsd” olduğu irəli sürülüb.