Avropa komissarı: Ukrayna-Rusiya münaqişəsi enerji təhlükəsizliyi səylərini fəallaşdırıb

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirləri

Bu gün Azərbaycan Energetika Nazirliyində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin dördüncü qeyri-rəsmi görüşü keçirilib.

Müzakirələrdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldova iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviski və digər rəsmi şəxslər iştirak ediblər.

Nazirlər energetika sahəsində əməkdaşlığını daha da genişləndirilməsi, “Şərq Tərəfdaşlığı” ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması, mövcud vəziyyət və gələcəkdə yarana biləcək problemlərin həlli istiqamətində müzakirələr aparıb. Həmçinin ölkələr arasında əlaqələrin genişləndirilməsinə və beynəlxalq qurumlarda əməkdaşlığa dair razılıq əldə olunub.

Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivlərindən danışıb.

“İldə 41 milyon ton neft, 20 milyard kilovatdan çox elektrik enerjisi istehsal edən ölkəmizdə enerjinin diversifikasiyası məsələləri də tam həllini tapıb. Azərbaycan mövcud neft və qaz kəmərləri vasitəsi ilə enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsini təmin edir. Gələcəkdə isə Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bunu üçün Avropa İttifaqı və xüsusilə də “Şərq Tərəfdaşlığı” ölkələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək və enerji daşıyıcıları marşrutlarının şaxələndirilməsi sahəsində davamlı iş aparmaq zəruridir”, o qeyd edib.

Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib ki, regionda energetika və siyasi vəziyyət sahəsində problemlərin həll edilməsinin vaxtı çatıb.

"Şərq Tərəfdaşlığı"nın formatı bizim üçün (Aİ) daha yaxşı alətdir. Çünki onun sayəsində biz diqqəti Avropa İttifaqında bu formatın üzvlərinin, eləcə də bütün regionun real tələbatları üzərində cəmləşdirə bilərik".

O əlavə edib ki, enerji təhlükəsizliyi "Şərq Tərəfdaşlığı"nın əsas strateji hədəfidir: "Biz alətlərimizi, həmçinin proqramın iştirakçı ölkələrində investisiya planında yaxşılaşdırdıq ki, bu da infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Avropa maliyyə institutlarının vəsaitlərinin səfərbərliyini təmin edir. Ümid edirəm ki, biz həmçinin enerjinin alınmasının ən ucuz və ən təmiz formasına - enerji səmərəliliyinə fokuslana biləcəyik".

Trendin xəbərinə görə energetika üzrə Avropa komissarı Günter Ottinger isə bildirib ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə Aİ-nin öz tədarüklərinin enerji təhlükəsizliyini təmin etməklə bağlı səylərini fəallaşdırıb.

O qeyd edib ki, xüsusilə Ukraynanın şərqində və digər regionlarda baş verən hadisələr qonşu ölkələrə birbaşa təsir edir.

Ottinger bildirib ki, Ukrayna böhranı fonunda "Şərq tərəfdaşlığı" formatı, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasna kömək edə bilər: "Əminəm ki, enerji sektorunda tərəfdaşlar arasında uğurlu əməkdaşlıq təhlükəsizliyin və sabitliyin təmin olunması üzrə hədəflərə nail olmağa kömək edə bilər. "Şərq tərəfdaşlığı" kontekstində bizim üstünlüyümüz var".

Onun sözlərinə görə, artıq bir neçə proqram və layihələr həyata keçirilir:

"Biz gələcəkdə birgə səy göstərə bilərik. İndiki ikitərəfli dialoqun predmeti, həmçinin enerji daşıyıcılarının çatdırılması marşrutlarının necə şaxələndirilməsi olacaq", komissar qeyd edib.