Bloq: Sübhün Səfiri

  • Əsgər Möhsümoğlu

Mirzə Fətəli Axundov rolunu görkəmli aktyor Rasim Balayev canlandırır

Üzeyir Hacıbəyov yazırdı ki, at şəklini çəkəndə elə çəkmək lazımdır ki, onun altında “bu, atdır” yazmağa ehtiyac qalmasın. Bu yaxınlarda baxdığım Mirzə Fətəli Axundova həsr olunmuş “Sübhün Səfiri” filmi nəinki Üzeyir bəyin imtahanından üzüağ çıxır, o, Azərbaycan kinosunda nüanslı yaradıcılığın yeni zirvəsini kəşf edir. Əslində, Azərbaycanın istedadlı ssenaristini, rejissorunu, aktyorunu və bəstəkarını bir araya gətirən filmdən başqa şey gözləmək düzgün olmazdı. İstər incəsənət əsəri olaraq, istərsə də tarixi dərs kimi “Sübhün Səfiri” az qala xatirəsinə həsr olunduğu şəxsiyyət qədər maarifləndiricidir. Filmin adından tutmuş sonuncu epizodunadək bu əsərin qayəsi Azərbaycan həqiqətlərini tarix boyu ideoloji və siyasi diktat altında saxta milli hekayələr yedizdirilən Azərbaycan insanına çatdırmaqdır.

Deyirlər ki, qəzəb məyus olan sevgidən doğur. Axundovun öz xalqının durumuna bəzən sərt münasibəti bu hədsiz sevgidən doğan məyusluq idi.

Mirzə Fətəli Axundov haqda filmi “Sübhün Səfiri” adlandırmaqla filmin yaradıcıları uğurlu seçim ediblər. Müasir standartlarla müqayisədə Axundovun nailiyyətləri qeyri-adi görünməyə bilər. Amma 19-cu əsrin əvvəllərində indiki Azərbaycan ərazilərində Mirzə Fətəli Axundov kimi şəxsiyyətin mövcudluğu cəhalət qaranlığı içərisində işıq saçan bir şölə idi. Axundov mütləq əksəriyyəti yazıb-oxumaq bacarmayan, dünya ədəbiyyatından, elmdən bixəbər, mövhumata qapılmış bir toplum içərisində sağlam idrakın tənha səsi idi. Onun dram əsərləri o vaxtkı Azərbaycan reallıqlarını kağız üzərində canlandırmaqla milləti oyanmağa, savadlanmağa, müasir dövrün tələbləri ilə ayaqlaşmağa səsləyirdi. Vaşinqtonda qalarkən Azərbaycanın milli təkamülü mövzusunda söhbətimizdə görkəmli tarixçi Cəmil Həsənli müşahidə etmişdi ki, Axundovun əsərlərində həqiqi müsbət obraz az qala yox idi – faciəvi var idi, neytral var idi, mənfi kifayət qədər çox idi, amma kamil insan yox idi. Bu əsərlər Axundovun real mühitini və eyni zamanda dahinin bu mühitə qəzəbini əks etdirirdi. Deyirlər ki, qəzəb məyus olan sevgidən doğur. Axundovun öz xalqının durumuna bəzən sərt münasibəti bu hədsiz sevgidən doğan məyusluq idi. Öz yazıları ilə Axundov bu məyusluğa rəvac verən səbəbləri aradan qaldırmağa çalışırdı.

Filmin ən böyük uğurlarından biri Axundovun ərsəyə gəldiyi tarixi şəraitin rekonstruksiyasıdır. Burada nüanslar yüksək peşəkarlıqla, məharətlə işlənilib. Film Rus İmperiyasının Azərbaycan xanlıqlarını işğalını və bu işğalın özü ilə gətirdiyi xəcalətverici məqamları ustalıqla nümayiş etdirir. Dialoqlar Rusiya dövlətinin samoderjavie ideologiyasına, Qafqazlardakı məramlarına aydınlıq gətirir. Burada imperiya mənsublarının Azərbaycan türklərinə aşağılayıcı münasibəti reallığı əks etdirir. Elementar Azərbaycan türkcəsini bilə-bilə xidmətçini naqolay duruma salan və alçaldan podpolkovnik İlminski köməkçisinə deyir: “Yadda saxlayın, poruçik, müsəlman rus dilini yaxşı bilməməlidi. O, qızarmalı, utanmalı, bir sözlə, öz miskinliyini hiss eləməlidi.”

“Sübhün Səfiri” mənfi rus obrazları ilə yanaşı Aleksandr Bestujev-Marlinski və Mixail Lermontov kimi şəxsiyyətlərin dili ilə, rusların Azərbaycanda oynadığı sivilizasiyalaşdırıcı rolu da nəzərdən qaçırmır. Tamaşaçıya bəlli olur ki, imperiyanın gəlişi Azərbaycan türkləri üçün Avropa mədəniyyətinə pəncərə açmışdı.

Amma film müəlliflərinin Rusiya İmperiyasını təsviri bu xarakterlərlə məhdudlaşmır. “Sübhün Səfiri” Aleksandr Bestujev-Marlinski və Mixail Lermontov kimi şəxsiyyətlərin dili ilə rusların Azərbaycanda oynadığı sivilizasiyalaşdırıcı rolu da nəzərdən qaçırmır. Tamaşaçıya bəlli olur ki, imperiyanın gəlişi Azərbaycan türkləri üçün Avropa mədəniyyətinə pəncərə açmışdı. Uşaq yaşlarında Güneydəki Xəmnə kəndindən Rusiyanın idarəçiliyində olan Qafqaza gəlməklə Axundov bu pəncərənin saldğı işıqdan bəhrələnən ilk Azərbaycan türklərindən idi. Filmdə başqa maraqlı bir dialoq Bestujevlə gənc Axundov arasında baş verir. Bestujev ona Rusiya sivilizasiyasının Azərbaycana gətirdiyi intellektual nemətlərdən bəhs edir və Azərbaycan türklərinin cəhalətdən qurtulmasında onun təmsil etdiyi imperiyanın oynadığı mühüm rolu qabardır. Mirzə Fətəli buna cavab olaraq intellektualdan Napoleonun Rusiyanı ‘müasirləşdirmək’ səylərinə necə baxdığını soruşur. Bu məqamda Bestujevin cavabı məntiq axarından çıxır. “Rusiya öz sərhədlərini qorumağa borcludur,” deyə o, qısa cavab verir. Güman etmək olar ki, belə bir söhbət reallıqda baş verməyib. Amma filmin qoyduğu fəlsəfi sual təkcə Azərbaycan türkləri deyil, rusların özləri üçün də kifayət qədər aktualdır. Görəsən bir millətin başqasını sivilləşdirmə cəhdləri nə dərəcədə səmimi, yaxud məqsədəuyğundur? Bu nə dərəcədə mümkün və nə dərəcədə qeyri-mümkündür?

Mənim üçün bu filmdə ən böyük yenilik “İsti Sibir” anlayışı idi. 1800-cü illərdə rusların Azərbaycana gəlişi, Dekabrist üsyanın yatırılması ilə təqribən eyni vaxta təsadüf edirdi. Avropadan gələn respublikaçı azadlıq dalğası Rusiyada konstitusional hərəkata təkan vermişdi ki, onun yatırılması rus cəmiyyətinin daxilində böyük təlatümlərlə müşayiət olunurdu. Çar I Nikolay üzləşdiyi çətinlikləri, onları yaradan dissidentləri yenicə zəbt olunmuş torpaqlara göndərməklə həll edirdi. Təsəvvür edin ki, cəhalətin hökm sürdüyü koloniyalara gələn istilaçılar öz cəmiyyətlərinin qaymağı idilər. Bunlar rus cəmiyyəti ilə paylaşa bilmədikləri qabaqcıl ideyaları aralarına düşdükləri Azərbaycan türkləri ilə paylaşırdılar. Bu mənada Azərbaycan türkləri Rusiya İmperiyasının verə biləcəyi ən böyük töhfədən birbaşa bəhrələnmək imkanı qazanmışdılar. Özü-özünə heç nə yaranmır. Yaxşı nəyinsə yetişməsi mühit tələb edir. Güman etmək olar ki, Axundov İran şahlığında yaşamış olsaydı, Şərqin Molyeri olmazdı.

Mirzə Fətəli Axundov öz cəmiyyətinə kənardan baxmağı bacarırdı və bu xüsusiyyət ona böyük intellektual güc verirdi. Amma Axundov mənzərəni təkcə kənardan passiv seyr edən birisi deyildi. O, aktiv dəyişikliyə çalışırdı. Mütəfəkkirin əlifbanı dəyişmək səyləri bu sırada qeyri-ərəb müsəlman aləmində ən fundamental başarılardan sayılmalıdır. Axundovun İran və Türkiyə hökumətlərinə əlifbanın dəyişdirilməsi uğrunda lobbiçilik səyləri həmin vaxt müvəffəq olmadı. Amma yüz il sonra İslam dünyasının iki nəhəngi seçim edəcəkdi. Onlardan biri latın əlibasını seçdi – cümhuriyyət oldu. O birisi isə hələ də adamları ictimaiyyət qarşısında inşaat kranlarından asır.

Hər dəfə bir adam ideal uğrunda ayağa qalxanda, başqalarının rifahını yüksəltmək üçün hərəkətə keçəndə, yaxud ədalətsizliyə zərbə endirəndə o, bir ümid ləpəsi yaradır ki, sonradan bu ləpə nəhəng dalğaya çevrilir.
Robert F. Kennedy

“Hər dəfə bir adam ideal uğrunda ayağa qalxanda, başqalarının rifahını yüksəltmək üçün hərəkətə keçəndə, yaxud ədalətsizliyə zərbə endirəndə o, bir ümid ləpəsi yaradır ki, sonradan bu ləpə nəhəng dalğaya çevrilir,” deyə Robert F. Kennedy inqilabi şəxsiyyətlərin cəmiyyətə təsirini təsvir etmişdi. Eləcə də Axundovun maarifləndirici irsi Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy kimi şəxsiyyətlərin yetişməsi – Azərbaycan dövətinin meydana gəlməsi üçün zəmin yaratdı. Deyilənə görə Abbasqulu ağa Bakıxanov ömrünün son çağlarında Mirzə Fətəli Axundova üz tutaraq “Fətəli, mənim geri qayıtdığım yolu səni indi getməyə başlayırsan” demişdi. Bakıxanov yanılırdı. Əslində Mirzə Fətəli Axundov Abbasqulu ağanın başladığı yolu davam edirdi və bütün yol boyu onu dəfn etməkdən imtina edən milləti öz çiyinlərində irəli aparırdı. Xeyli irəli.