Accessibility links

Bloq: Əsl Sərvət


Robert Kolleci
Robert Kolleci

Bir neçə həftə öncə üzərində birgə çalışdığımız ictimai layihənin rəhbərlərindən biri mənə öz bioqrafiyasını bağışladı. Həmin kitabda bu qadının keçdiyi zəngin həyat yolunda 1950-ci illərdə Türkiyədəki müəllimlik dövrü də yer almışdı. Onun dərs dediyi məktəbin adı mənə yaxın keçmişdən tanış gəldi: Robert Kolleci. Yadımdadır ki, Stanford Universitetində oxuyarkən türk dostlarımdan Robert və qeyri-Robert məzunları arasında mülayim qısqanclıq, bir rəqabət hissi var idi. “Filankəs Robertin məzunudur” deyə dostlarım bəzən həsədlə, bəzən qıcıqla uzaq Kaliforniyada həmvətənlərinə adqoydu edirdilər.

İnkişaf etmiş ölkələrdə var-dövlətin ən böyük hissəsi ölçülməz kapitalın – qanunların, qanuna hörmətin, işgüzarlığın, bacarığın, ənənələrin və gözləntilərin məhsuludur.

1863-cü ildə Bebek bölgəsində varlı amerikalı filantropist Cyrus Hamlin tərəfindən əsası qoyulmuş Robert Kollecinin reputasiyası qürrələnmək üçün həqiqətən də kifayət qədər əsas verir. Türkiyənin siyasi, iqtisadi və mədəni elitasının bir çox görkəmli xadimlərini məhz bu məktəb yetişdirib. Onların sırasında Türkiyənin iki baş naziri, üç kabinet üzvü, Orhan Pamuk kimi Nobel mükafatı laureatları var. İngiliscə adı “Robert College of Istanbul” olan məktəb Türkiyədə indi İstanbul Özel Amerikan Robert Lisesi kimi tanınır.

İlk öncə azlıqda olan xristian icmaları üçün təsis olunmuş bu məktəb 1923-cü ildə Türkiyədə cümhuriyyət qurulduqdan sonra dünyəvi təhsil proqramı qəbul edərək qapılarını bütün türklərin üzünə açdı. O vaxtdan bəri Amerikada qeydiyyata alınmış və amerikalılar tərəfindən idarə olunan kollec Türkiyədə dünyəvi təhsilin qızıl standartına çevrilib. Elə Türkiyə təhsil sistemində başlanan sonrakı islahatlar da Robert Kollecinin gətirdiyi ideyalardan ilham alır – hər hansı ideologiyadan uzaq təhsil, azad bilik sorağı, peşəkar tədris. Bilik doqmaları, məhdudiyyətləri sevmir. Sinif otaqlarında məktəblilərə bu dəyərləri ən erkən yaşlarda aşılamaqla Robert Kolleci təkcə bilikli şagirdlər yetişdirməyib, həmçinin Türkiyədə insan indeksinin Qərb standartlarına yaxınlaşmasında əvəzsiz rol oynayıb.

General Electric şirkətinin sabiq rəhbəri Jack Welch korporativ biznesin sirlərini Massaçusets Texnologiya İnstitutunun tələbələri ilə bölüşür.
General Electric şirkətinin sabiq rəhbəri Jack Welch korporativ biznesin sirlərini Massaçusets Texnologiya İnstitutunun tələbələri ilə bölüşür.

​Bəs insan indeksi nədir? Bu məfhum millətin övladlarının kollektiv biliyini, bacarığını, xarakterini əhatə edir ki, bu da ilk növbədə uşaqların necə formalaşmasından bərk asılıdır. “Adam oxuduğu kitablar qədər ağıllıdır” ifadəsini başqa cür desək, uşaqlar aldıqları təhsilə mütənasib məhsuldar böyükə çevrilirlər. Təsadüfi deyil, inkişaf baxımdan geridə qalan 22 ərəb ölkəsində bir ildə tərcümə olunan kitabların sayı Yunanıstan kimi kiçik Avropa ölkəsində tərcümə olunan kitabların beşdə biri qədərdir. 2002-ci ildə ərəb sosioloqlar tərəfindən hazırlanan seminal hesabatda 1991-ci ildə ərəb ölkələrinin 6,500 kitab dərc etdikləri halda, Şimali Amerikada bu rəqəmin 102,000, Latın Amerikasında isə 42,000 olduğu vurğulanırdı. Savadlı gəncliyi olmayan millətin nə xoşbəxt indisi olur, nə də varlı gələcəyi.

Bu xüsusda 2006-cı ildə Dünya Bankının “Millətlərin Sərvətləri Haradadır?” başlıqlı hesabatı da gözaçıcıdır. Hesabatı şərh edən Jonah Goldberg müşahidə edir ki, millətin təbii (neft, qaz, qızıl yataqları) və istehsal edilmiş kapitalı (maşınlar, yollar, kompüterlər) onun ümummilli sərvətinin cüzi hissəsini təşkil edir. Əksər hallarda təbii kapital ümumi sərvətin 5 faizini, istehsal edilmiş kapital isə 18 faizi həcmində olur. Ən maraqlı kateqoriya isə ölçülməz kapitaldır ki, bu, ümummilli sərvətin 77 faizinə bərabərdir.

Təbii resursları cüzi olan İsveçrə dünyanın ən varlı ölkələrindəndir.
Təbii resursları cüzi olan İsveçrə dünyanın ən varlı ölkələrindəndir.

“2000-ci ildə dünyada adambaşı düşən gəlirə görə ən varlı ölkə İsveçrə idi. Amma bu ölkənin sərvətinin yalnız bir faizi təbii resursların payına düşür ki, bu da onu əksər üçüncü dünya ölkələri ilə müqayisədə xeyli yoxsul etməli idi,” Goldberg yazır. “İsveçrənin bütün bahalı saatları, şokoladları və başqa istehsal edilmiş kapitalı da sərvətin 15 faizini təşkil edir. Yerdə qalan 84 faiz isə ölçülməz kapitalın – yəni qanunların, qanuna hörmətin, işgüzarlığın, bacarığın, ənənələrin və gözləntilərin məhsuludur.”

Çinlilərdə belə bir məsəl var: “Adama balıq ver, bir gün doyurarsan, balıq tutmağı öyrət, ömürlük qarnı tox olar.” Millətin sərvəti bu gün onun sahib olduğu və əvvəl-axır tükənəcək resurslarla ölçülə bilməz. Millətin əsl sərvəti onun azad, təşəbbüskar, savadlı, qabiliyyətli, məhsuldar oğul və qızlarıdır. Robert Kollecini quran adamlar bu həqiqəti hələ 19-cu əsrdə dərk edirdilər. Onlar anlayırdılar kli, həqiqi sərvət təhsildə, təhsilin özü ilə gətirdiyi hüdudsuz insan potensialındadır ki, bunu əldə etmək xarici şirkətlərin bilik və texnologiyası ilə yerdən neft çıxarmaqdan qat-qat çətin, amma daha dayanıqlı bir amacdır.

XS
SM
MD
LG