"Bloomberg" qəzeti Bakıda planlaşdırılan nümayiş haqda yazdı

ABŞ-da dərc olunan nüfuzlu Bloomberg qəzeti yazır ki, minlərlə azərbaycanlı Facebook sosial şəbəkəsində qətlə yetirildiyi deyilən əsgərin ölümünə etiraz əlaməti olaraq sabah Bakı küçələrinə çıxacağını deyir.

Qəzet Ceyhun Qubadov adlı 18 yaşlı əsgərin Daşkəsəndə öldüyünü yazaraq əlavə edib ki, ABŞ səfirliyi nümayişlərin zorakı hal alacağına dair xəbərdarlıq edib.

Azərbaycan Müdafiə Nazirliyi Qubadovun ürək çatışmazlığı üzündən vəfat etdiyini demiş, daha sonra isə əsgərin zərbələrdən göyərmiş cəsədinin fotoları üzə çıxdıqdan sonra təkzib vermişdi. Nazirlik məsələ ilə bağlı cinayət işi qaldırıldığını və komandirlərə töhmət verildiyini bildirib.

Facebookda yayılmış videoda Qubadovun anası Samirə Qubadova oğlunun döyülərək öldürüldüyünü deyib.

Lakin sonradan Azərbaycan rəsmiləri ilə görüşün ardınca xanım Qubadova məsələni “siyasiləşdirmək” istəmədəyini deyib.

Əsgər Ceyhun Qubadovun cəsədi öldükdən az sonra ailədən icazə alınmadan yarılmış və tikişlər vurulmuş cəsəd ailəyə qaytarılmışdır. Qanunun tələblərinə zidd olaraq cəsəd üzərində tibbi ekspertiza keçirilməmişdir.

Rus-Sovet ordusundan bir çox üzdəniraq praktikaları miras almış Azərbaycan ordusunda əsgərlərin alçaldılması və təhqir olunması geniş hal alıb. "Bloomberg" qəzetinin yazdığına görə, təkcə 2012-ci ildə Azərbaycan ordusunun 77 əsgəri qeyri-döyüş şəraitində həlak olub.

Sabiq Sovet dönəmində olduğu kimi, Azərbaycanda 18-35 yaşlar arasında gənclər icbari olaraq orduya göndərilir.