Yəməndə müxalifət nümayəndələri deyir ki, hökumət qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurma zamanı 6 nəfər həlak olub. Cənab Saleh isə ölkədəki siyasi çıxılmaz vəziyyətə son qoymaq üçün dinc danışıqlara çağırıb.
Şahidlərin sözlərinə görə, Sənada dünənki insident zamanı 1 nümayişçi həlak olub, 8 nəfər isə yaralanıb.
Müxalifət tərəfdarlı qəbilə üzvlərinin bildirdiyinə görə, 5 nəfərdən ibarət bir ailə də hökumət qüvvələrinin minomyot atəşi nəticəsində həlak olub.
Cənab Salehin şərhləri bir neçə dövlət qəzetində dərc edilib. O, hakimiyyətə gəlməyinin 33 illiyini qeyd edir. Saleh yenidən siyasi dialoqa çağırsa da, əvvəllər olduğu kimi bu dialoqun nədən ibarət ola biləcəyini açıqlamayıb.
Cənab Saleh hazırda keçən ay bomba hücumu nəticəsində aldığı yaraları müalicə etdirmək üçün Səudiyyə Ərəbistanındadır. Beynəlxalq təzyiqə və aylardır davam edən müxalifət yürüşlərinə baxmayaraq o, istefa verməkdən imtina edir.