AzadlıqRadiosu “Həbsxana poçtu” rubrikasında həbsdə olan jurnalist Xədicə İsmayılın yazısını dərc edib. Maraqlı yazını diqqətinizə çatdırırıq:
Mən niyə burdayam?
Həbsxanada bu sualı maddəsindən və günahkarlıq dərəcəsindən asılı olmayaraq bütün məhbuslar verir. Ədalət sisteminin iflasa uğradığı, Femidasının tərəzisində faktlar əvəzinə qızıl ölçülən ölkəmizdə cinayət və cəza anlayışları da bütün yanlış və doğrular kimi təhrif olunur.
“Məni kim yandırdı?”, “Pulum olsa, mən də qurtarardım canımı!”, “Adam tapaq, işi düzsün, qoşsun...” rədifli müzakirələr axınında dəyərlər sistemini qoruyub saxlamaq elə də asan deyil.
Müzakirələri “dövlət nə etməlidir ki, cinayət olmasın”, “necə edək ki, azadlığa çıxan adamlar yenidən cinayət planlaşdırmasın” mövzuları ətrafında aparanda isə aldığımız cavab - “maaşla, işlə təmin etsin” istəyi də çox bəsit görünür.
Cəzasız cinayət nümunələrinin həddindən artıq çox olması və hakimiyyətin bütün eşelonlarında kök salmasıdır insanları cinayətə sövq edən!
Amma cavab elə sualların özündə deyilmi? Burada həqiqət elə də mürəkkəb deyil. Dövlət və onu təmsil edən şəxslər özləri cinayət nümunəsi göstərməməlidir. Cəzasız cinayət nümunələrinin həddindən artıq çox olması və hakimiyyətin bütün eşelonlarında kök salmasıdır insanları cinayətə sövq edən!
Savad və uğur arasında səbəb-nəticə əlaqəsi görməyən insanlar oğurluq və uğur, rüşvət və uğur, yalan və uğur, yaltaqlıq və uğur, sui-istifadə və uğur arasındakı səbəb və nəticə əlaqəsi ilə hər addımda rastlaşdıqdan sonra, niyə onları təmin edəcək pulu və uğuru əyri yolla deyil, savadla qazanmaq haqqında düşünsünlər axı?!
Nə qədər absurd olsa da, cinayət törətmək onları ölkə rəhbərliyində oturan, TV-də reklam olunan “uğur hekayələri” ilə bərabərləşdirən bəlkə də yeganə vasitə kimi görünür.
“Yaxşıdırsa, mən niyə etməyim; pisdirsə, onlar niyə edirlər?” məntiqi cəza sistemində bir az da əyilir. Pulla istənilən qeyri-siyasi ittiham aktına, məhkəmə hökmünə, ekspertiza rəyinə, protokola dəyişiklik etməyin mümkün olduğu zaman peşmançılıq ifadə edən “mən niyə cinayət törətdim” sualını “vaxtında başlasaydım, indi özümü azad etdirməyə kifayət qədər pulum olardı” qənaəti əvəzləyir.
Siyasi işlərdəki ədalətsizlik yalnız medalın görünən tərəfidir.
Siyasi işlərdəki ədalətsizlik yalnız medalın görünən tərəfidir. Məhz orada adi insanların yaxşı-pis, haram, halal, cinayət, təqsirsizlik haqqında təsəvvürləri təhrifə uğrayır, tərəzinin gözü pulun ağırlığı altında əyilir. Ölkə başçısından tutmuş ən xırda məmuruna qədər bütün idarəçilərin öz vətəndaşına cinayət və cəzasızlıq nümunəsi göstərdiyi, pulun və gücün istənilən cinayəti ört-basdır etməyə qadir olduğu ölkədə 100 siyasi məhbusun mövcudluğundan daha dərin problemlər var.
Ah, pardon, axı bu 100-ə yaxın siyasi məhbus da məhz həmin dərin problemlərə xalqın gözünü açmaq cəhdinə görə, pis örnəklər ölkəsində ədalət və vicdan nümunəsi göstərməyə çalışdığı üçün həbsdədir.
Əyri tərəziyə düz çəki daşı qoyduqlarına görə siyasi təqiblərə məruz qalanlar üçün həbsxanada olmaq qorxulu deyil.
Barmaqlıqlar arxasından nəyin düzəlməsi uğrunda mübarizə apardığımız daha aydın görünür.
Yazıdakı mülahizələr müəllifin şəxsi fikirləridir.