Qeyri-kommersiya RAND Korporasiyasının baş elmi işçisi Vilyam Kortni Amerikanın Səsinə müsahibəsində Qarabağdan gedən etnik ermənilərin geri dönmək ehtimalı, Rusiyanın son hadisələrdəki rolu və Azərbaycan və Ermənistan hökumətlərinin iki xalq arasında sülh və barışığı təmin etmək üçün atmalı olduğu addımlardan bəhs edib.
Amerikanın Səsi: 100 mindən çox erməninin Qarabağı tərk etdiyi deyilir. Sizcə onlar arasında geri dönən olacaqmı?
Vilyam Kortni: Bunu bilmək çətindir. Mümkündür ki, bəziləri geri gələcək. Əksəriyyət geri gəlməyəcək. Qərb indi Ermənistana Dağlıq Qarabağdan qaçqın axınının öhdəsindən gəlməyə necə yardım edəcəyini müəyyən etmək problemi ilə üzləşir. Və əlbəttə ki, Ermənistan hökuməti də bu insanları yerləşdirmək kimi böyük bir problemlə üzləşir. Çoxlarının qayıdıb-qayıtmayacağı, məncə, böyük ölçüdə, Azərbaycan hökumətinin Dağlıq Qarabağda qalan ermənilərə necə rəftar edəcəyindən asılı olacaq. Onların insan hüquqlarına və ləyaqətinə hörmət mühüm məsələ olacaq. Dünya da bunu izləyəcək.
Amerikanın Səsi: Son hadisələrdə Rusiyanın rolunu necə qiymətləndirirsiniz?
Vilyam Kortni: Rusiyanın diqqəti əlbəttə ki, Ukraynaya yayınıb və bu ona onun başqa yerdə aktiv olmaq bacarığını zəiflədib. Amma Rusiya heç vaxt Dağlıq Qrabağın olduğu kimi qalacağına zəmantə verməmişdi. Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verdiyini iddia etmişdi. Amma ermənilər əlbəttə ki, çox məyusdurdur və biz çox güman ki, Ermənistanın Qərbə üz tutacağını görəcəyik. Və Rusiya da, əlbəttə ki, bununla bağlı narahatlığını ifadə edib. Ancaq Rusiyanın indi regionda əvvəlkidən daha az rolu var. Rusiyanın Ermənistanın təhlükəsizliyinin qarantı olduğu məhfumu indi həmişəkindən daha çox sual edilir. Və biz son on ildə Qırğızıstan, Tacikistan, Ermənistanda bir neçə böhranlara baxanda, KTMT-nin gerçək hərbi alyansdan gözlənilən kimi bir rol oynamadığını görürük.
Amerikanın Səsi: Azərbaycan və Ermənistan hökumətləri iki xalq arasında sülh və barışığı təmin etmək üçün hansı addımlar ata bilər?
Vilyam Kortni: Həll olunmayan məsələlərlə bağlı danışıqlar aparmaq və hərbi gücdən istifadə etməmək xüsusilə mühümdur, amma bu danışıqlar beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıması fonunda Azərbaycan daxilində etnik erməni anklavı saxlamaqla bağlı əvvəlki danışıqlardan daha az çətin olacaq. Bu danışıqların əsas aspektləri çox güman ki, geridə qalan etnik etmənilərin insan hüquqlarının qorunması, onların ticarət aparmaq və Ermənistana səfər etmək imkanları ilə əlaqəli olacaq. Azərbaycan da ərazisi üzərində tam nəzarətinin olmasını istəyəcək. Bundan əlavə Naxçıvana çıxış yolu məsələsi də, çox güman ki, daha mühüm bir hal olacaq.
Forum