Rusiya baş naziri Vladimir Putin parlament seçkilərinin nəticələrini müdafiə edərək seçkilərdə saxtakarlıqla bağlı iddiaları rədd edib. Televiziyada tamaşaçıların telefon zənglərini cavablandıran cənab Putin bildirib ki, müxalifətin yenidən seçki keçirmə çağırışlarına baxmayaraq dekabr ayının 4-ü keçirilən səsvermə ictimaiyyətin mövqeyini əks etdirib. Rusiyanın baş naziri həm də deyib ki, ötən həftə keçirilən parlament seçkilərindən sonra keçirilən nümayişlər məqbuldur, bir şərtlə ki, qanuna riayət edilsin. Rəsmi mənbələr ötən şənbə günü 20,000 insanın Moskva küçələrinə və minlərlə insanın Rusiyanın başqa şəhərlərində küçələrə çıxdıqlarını bildirib. Nümayişçilər parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.