Accessibility links

Vətəndaş cəmiyyətinin nümayəndələri Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə əməl edilmədiyini bildirir


Açıq Hökumət Tərəfdaşlığı Bakını QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırıb
Açıq Hökumət Tərəfdaşlığı Bakını QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırıb

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi bəyanatla çıxış edərək hakmiyyəti Açıq Hökumət Tərəfdaşlığının (OGP) prinsiplərinə əməl etməməkdə ittiham edib. Bu barəd Turan agentliyi məlumat yayıb.

Onlar OGP Rəhbər Komitəsinə müraciət edərək Azərbaycanın bu təşkilatda tam hüquqlu üzvlüyünün bərpası ilə bağlı tədbirlər üzrə ölkə hökumətinin təklif etdiyi Yol Xəritəsini qəbul etməməyi xahiş edib.

Fəallar xatırladır ki, OGP Rəhbər Komitəsi 2018-ci il dekabrın 5-də Azərbaycanın bu təşkilatda "qeyri-aktiv" (in-active) statusunu təsdiqləyib. Səbəb hakimiyyət qarşısında qaldırılan məsələlərin həll olunmamasıdır.

Bir sıra cüzi irəliləyişlər olsa da, Azərbaycan hökuməti Meyarlar və Standartlar alt komitəsinin yenilənmiş təkliflərini hərtərəfli və köklü həll edəcək kompleks və sistemli dəyişikliklər və ya islahatlar aparmayıb.

Sənəd vətəndaş cəmiyyətinin geniş spektirinin hazırladığı Yol Xəritəsi layihəsində nəzərdə tutulan məsələlərin əksər hissəsini özündə əks etdirmir. Sənəd hökumət və vətəndaş cəmiyyəti təşkilatları arasında gerçək davamlı dialoq mexanizminin formalaşmasını nəzərdə tutmur.
Bəyanatdan sitat

Qeyri Hökumət Təşkilatlarının (QHT) qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı problemlər hələ də aradan qaldırılmayıb. QHT-lərin qeydiyyatı, xarici donorlardan qrant almaq prosedurları, qrant layihələrinin Ədliyyə Nazirliyində və qrant layihəsinin mövzusuna uyğun olan digər mərkəzi icra hakimiyyəti orqanlarında qeydiyyatı və ya razılığın alınması üzrə bürokratik prosedurlar hələ də tətbiq edilməkdədir.

2019-cu ilin fevralında fəallar müstəqil QHT-lərin Yol Xəritəsində yer almalı məsələrlə bağlı təkliflərini hazırlayıb. Təkliflər OGP Dialoq Platforması adlanan qurumdan bir sıra QHT-nin və digər müstəqil təşkilatların iştirakı ilə müzakirə olunub və hökumətə təklif edilmək üçün Yol Xəritəsinin layihəsini hazırlamaqdan ötrü işçi qrupu yaradılıb.

İşçi Qrup sənədin layihəsini hazırlayıb və ilk toplantıda iştirak edən təşkilatların toplantısında təsdiqlənib. Ancaq prosesin sonrakı mərhələsində müstəqil QHT-lərin hər hansı iştirakı olmayıb və Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının OGP Katibliyinə təqdim etdiyi sənəddə işçi qrupunun hazırladı sənəddə əks olunmuş bir sıra ideyalar daxil edilsə də, sənəd OGP Rəhbər Komitəsinin məlum qətnaməsinə cavab vermir, konkret istiqamətlər üzrə tədbirləri deyil, deklarativ səciyyə daşıyan ümumi müddəaları əhatə edir.

Odur ki, bəyanat müəllifləri hesab edirlər ki, Azərbaycan hökumətinin təklif etdiyi Yol Xəritəsi OGP Rəhbər Komitəsi tərəfindən qəbul edilməməlidir.

Çünki

1) Yol Xəritəsi sənədi Azərbaycan hökuməti səviyyəsində müzakirə olunub təsdiqlənməyib;

2) Yol Xəritəsi sənədinin hazırlanması zamanı müvafiq hökumət qurumları və müstəqil vətəndaş cəmiyyəti qrupları arasında hər hansı dialoq və müzakirə mühiti təmin olunmayıb.

3) Sənəd OGP Rəhbər Komitəsinin 5 dekabr 2018-ci il tarixli qətnaməsində və daha əvvəlki tövsiyələrdə nəzərdə tutulan tələblərə cavab vermir.

4) Sənəd vətəndaş cəmiyyətinin geniş spektirinin hazırladığı Yol Xəritəsi layihəsində nəzərdə tutulan məsələlərin əksər hissəsini özündə əks etdirmir.

5) Sənəd hökumət və vətəndaş cəmiyyəti təşkilatları arasında gerçək davamlı dialoq mexanizminin formalaşmasını nəzərdə tutmur.

Bəyanatı Zöhrab İsmayıl (Azad İqtisadiyyata Yardım İctimai Birliyi), Qubad İbadoğlu (İctimai Təşəbbüslər Mərkəzi), Akif Qurbanov (Demokratik Təşəbbüslər İnstitutu), Mehman Əliyev (Turan İnformasiya Agentliyi), Anar Məmmədli (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi), Ziya Quliyev (Hüquqi Təşəbbüslər Mərkəzi), Rəsul Cəfərov (İnsan Hüquqları Klubu), Qalib Bayramov (İqtisadi Tədqiqatlar Mərkəzi), Leyla Əliyeva (Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi), Ələsgər Məmmədli (hüquqşunas, işçi qrupunun üzvü) imzalayıb.

Rəsmi Bakı vətəndaş cəmiyyəti nümayəndələrinin bəyanatına hələ cavab verməyib.

Azərbaycan 2011-ci ildən Açıq Hökumət Təşəbbüsünün dəstəklədiyini bəyan edib. 2016-cı ilin mayın 4-də Azərbycanın statusu müvəqqəti dondurulub. Hazırda ölkə bu qurumun işində müşahidəçi statusunda iştirak edir.

XS
SM
MD
LG