Birləşmiş Ştatlar Suriya prezidenti Bəşar Əl-Əsədin opponentlərinə hökumətin amnistiya təklifini qəbul etməməyi tövsiyə edib. Suriya hökuməti Birləşmiş Ştatların mövqeyini silahlı üsyanı dəstəkləmək kimi qiymətləndirir. ABŞ isə bunu rədd edir.
Birləşmiş Ştatların keçən həftə təklif edilmiş amnistiya ilə bağlı xəbərdarlığı Suriya Xarici İşlər nazirliyinin qəzəbinə səbəb olub.
Lakin Dövlət Departamenti öz mövqeyini bir daha təsdiq edərək bildirir ki, Əsəd hökumətinin nümayişləri qəddarcasına dağıtması nəzərə alınaraq, opponentlərə amnistiya təklifini qəbul etməmək tövsiyə edilir.
Dəməşq hökuməti keçən həftə Ərəb Liqasını sülh planını qəbul edərək, silahlı nümayişçilərə özlərini təhvil vermək üçün bir həftə vaxt vermişdi.
Hökumət özlərini təhvil verib heç kəsi qətlə yetirməyən şəxslərin tez bir zamanda azad ediləcəyini bildirib.
Keçən həftə Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Dəməşq rəsmilərinin amnistiya təklifini qəbul etməməyi tövsiyə etmişdi. ABŞ Dövlət Departamentinin tövsiyələrindən qəzəblənən Suriya Birləşmiş Ştatların üsyanı, qətllər və terrorizmi dəstəklədiyini bəyan edib.
Dövlət Departamentinin sözçüsü Mark Toner Birləşmiş Ştatların Suriyada zorakılıqlara bəraət qazandırmadığını və amnistiya təklifini qəbul etməmək mövqeyində olduğunu bildirib. “Biz hesab edirik ki, Əsəd rejiminin müxalifətə qarşı qanunsuz hərəkətləri, işgəncələr və qətllər nəzərə alınsa, rejimin opponentlərinin özlərini təhvil verməsi düşünülməmiş addım olardı. Fikrimizcə, Əsəd rejiminə könüllü olaraq təslim edilmək heç kəsin marağında deyil”-deyə o bildirib.
Toner bildirib ki, Suriyanın ABŞ-ın şərhlərinə düşmən reaksiyası Dəməşqin Birləşmiş Ştatları əslində Suriya hökuməti və xalq arasında olan münaqişəyə cəlb etmək səylərinin bir hissəsidir.
İnsan hüquqları qrupları Suriyada mart ayında demokratiya uğrunda hərəkat başlayandan bəri nümayişlərdə çoxu mülki vətəndaşlar olmaqla 3500 insanın qətlə yetirildiyini bildirib. Əsəd hökuməti isə iğtişaşlara silahlı qrupların səbəb olduğunu və təhlükəsizlik qüvvələrinin yüzlərlə üzvünün öldürüldüyünü bildirir.
ABŞ Senatının alt komitəsindən dinləmələr zamanı Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə yardımçısı Ceffri Feltman deyib ki, Birləşmiş Ştatlar prezident Əsədə siyasi və iqtisadi təzyiqləri artırmaq üçün dost və müttəfiq ölkələrlə iş aparacaq və eyni zamanda Suriyanın özündə qeyri-zorakı müxalifət hərəkatına dəstək verəcək. O bildirib ki, onun özünün ifadəsilə, ailəyə məxsus mafiyanın əlinə keçirdyi ölkənin lideri olan Suriya prezidenti dinc hərəkatı üsyana çevirməyə çalışıb. “O, zorakılıq olan yerdə nə etməyi yaxşı bilir. O sadəcə zorakılığa zorakılıqla cavab verir. Onu çaşdıran nümaiyşçilərin sülh deməsi, insanların nümayişçilərlə həmrəy olmasıdır. Bu, Bəşar Əl-Əsədi tamamilə çıxılmaz bir vəziyyətdə qoyub. Buna görə də biz müxalifəti dəhşətli qəddarlıqlarla qarşılaşmasına baxmayaraq, başladığı dinc hərəkatı davam etdirməyə təşviq edirik.”-deyə o bildirib.
Ceffri Feltman bildirib ki, Suriya lideri vəzifədə qeyri-müəyyən vaxta qədər qala bilməz. Feltmanın sözlərinə görə, təhlükəsizlik səbəbləri ilə əlaqədar ölkədən çıxarılmış ABŞ-ın Suriyadakı səfiri Robert Ford bu yaxınlarda yenidən öz vəzifəsinin icrasına başlayacaq.
Səfir Fordun Suriya müxalifəti ilə görüşləri və iyul ayında Hama şəhərinə səfəri Suriya rəsmilərinin qəzəbinə səbəb olmuşdu.