Suriyanın müxalifət Milli Şurası Homs vilayətində hökumətin nümayişçilərə divan tutmasına etiraz olaraq ümummilli tətilə səsləyib.Suriyanın İnsan Hüquqları Müşahidəçi qrupu bu gün İdbil və digər bölgələrdə 8 yaşlı qız da daxil edilməklə, 19 adamın öldürüldüyünü bildirib. Fəalların bildirdiyinə görə, hökumətin Ərəb Liqası ilə zorakılıqlara son qoyulması razılığına baxmayaraq, ötən həftədən bəri təhlükəsizlik qüvvələri tərəfindən 110 adam öldürülüb. Razılığa əsasən Suriya hökuməti qüvvələri küçələrdən yığmalı, müxalifətlə müzakirələrə başlamalı idi. Şənbə günü Ərəb Liqası bir araya gələrək, Suriyanın vədinə əməl etməməsinə cavab variantlarını nəzərdən keçirəcək.