2009-cu ildən İranda həbsdə saxlanılan iki amerikalı azad edilib ailələrinə qovuşdu.
Şeyn Bauer və Coş Fattalı daşıyan təyyarə dünən gecə Omanda yerə endi. Bundan bir neçə saat əvvəl casusluq və ölkəyə qeyri-qanuni daxil olmaq ittihamları ilə iki il həbsdə qalan amerikalılar Tehran həbsxanasından azad edilmişdilər.
Şon Bauer və Coş Fattal hər biri üçün 500 min dollar məbləğində zəmanət verilməklə azad ediliblər. Həbsdən azad olduqdan sonra onlar İsveçrə və Oman diplomatlarının müşayiəti ilə hava limanına gətiriliblər.
ABŞ-ın İsveçrədəki səfiri Liviya Leyu Aqosti deyir ki, bu, onlar üçün uzun bir müddət olub. “Biz çox iş gördük və mən kömək göstərən bütün şəxslərə, xüsusilə də omanlılara böyük təşəkkür bildirmək istəyirəm”-deyə o bildirib.
İran rəsmiləri Bauer, Fatalla və üçüncü amerikalı Sara Şördü 2009-cu ildə həbs etmişdi. Onlar günahı olmadığını bildirərək, İraqın şimalında dağlarda gəzdiklərini demişdilər.
İran hökuməti Sara Şördü keçən il 500 min dollar ödənməklə zəmanətə buraxdıqran sonra o, Birləşmiş Ştatlara qayıtmışdı.
İki amerikalı həbsxanadan İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Baş Assambleyasının sessiyasında çıxışından bir gün öncə buraxılıb.
Təhlilçilərin fikrincə, cənab Əhmədinejad onların azad edilməsi ilə İranın amerikalılar arasında imicinin yaxşılaşacağına ümid edir. Lakin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Entoni Kordesman hesab edir ki, bu, baş tutmayacaq. “Onları uzun müddət həbsdə saxladılar. Onların ölkədən çıxa bilməsi üçün hər birinə görə 500 milyon dollar ödənilməsi ABŞ-da simpatiya yaratmır”-deyə o bildirir.
Digər ekspertlər də Vaşinqton və Tehran arasında münasibətlərin yaxın zamanlarda düzələ biləcəyinə inanmır.
Səfir Con Limbert Dövlət katibinin İran məsələləri üzrə keçmiş yardımçısı olub. O,ABŞ-ın Tehrandakı səfirliyində gənc diplomat olduğu zaman girov götürülmüşdü. “Həm İranın daxilində, həm də İranın Birləşmiş Ştatlarla münasibətlərində yaranmış mənfi atmosferə görə kiçik bir məsələ də beynəlxalq səviyyədə böyük insidentə çevrilir və uzun müddət davam edir”-deyə o bildirir.
Amerikalı turistlərin ailələri açıqladıqları bəyanatda Bauer və Fattalın həbsdən buraxılmasını sonsuz azadlıq adlandırıb. Bəyanatda onların yeni həyata başlamaq istədiyi deyilir.