Umud Şükri deyir: “Belə davam etsə, İran yenə neft və qaz istehsal edə biləcək - amma adi bir ölkə kimi. Yəni, OPEC-də təsirli bir ölkə ola bilməyəcək. Artıq neft sayəsində aktiv xarici siyasət yürüdə bilməyəcək.”
Enerji eksperti Amerikanın Səsinə müsahibədə ABŞ-ın İranın enerji, nəqliyyat və bankçılıq sektorlarını hədəf alan sanksiyaları qüvvəyə mindikdən sonra neft bazarında baş verən yenilikləri dəyərləndirib.
Araşdırmaçının sözlərinə görə, “Amerikanın əsas amacı İranın beynəlxalq bazardakı payını azaltmaq, İranı gücsüz bir ölkə halına gətirməkdir. Çünki, ən çox neft istehsal edən ölkə OPEC-də ən çox sözünü yeridə bilər və qərarları öz xeyrinə çevirə bilər. Hazırda orada ən çox Səudiyyə Ərəbistanı və İraqın rol oynama şansları var. Onların istehsalı daha çoxdur.”
Kərkük nefti həm qiymət olaraq həm də kimyəvi xüsusiyyətləri baxımından İran neftinə alternativ ola bilər... Bu İran üçün yaxşı bir əlamət deyil.
Umud Şükri İranın neft ixracatının sıfır səviyyəsinə çatıdırılmasının qısa zamanda mümkün olmayacağını, amma İranın OPEC-dəki nüfuzunun tədricən azalacağını söyləyir.
“Sanksiyalar davam etsə və İran xarici şirkətlərdən teknologiya və sərmayə ala bilməsə, 5-10 il ərzində OPEC-də və neft ixrac edən ölkələr içində sıradan bir ölkə halına gələcəkdir,” o, qeyd edir.
Ekspert sanksiyaların qüvvəyə minməsindən sonra neftin qiymətinin gözləntilərin əksinə daha aşağı səviyyəyə düşməsinin səbəblərini açıqlayır:
“Sanksiyalar nəticəsində hər kəs neftin qiymətinin yüksələcəyini gözləyirdi, amma 3 səbəb üzündən bunun əksi oldu: Dünya iqtisadiyyatında yavaşlama oldu. Həmçinin, Amerika, Rusiya və Səudiyyə Ərəbistanı daha artıq istehsal etdilər. Bir də ki, 8 ölkə Amerikanın sanksiyalarından istisna edildi və İrandan neft almağa davam edə biləcəklər.”
Kərkük neftinin bazara gəlməsi İran üçün yaxşı əlamət deyil.
O, əlavə edir, “gedişat bu şəkildə davam etsə, neftin qiymətinin azalması ilə İran istehsal edə biləcək, amma adi bir ölkə kimi. OPEC-in qərarlarına təsir göstərə bilməyəcək. Neft və təbii qazdan faydalanaraq xarici siyasətində aktiv olma şansı olmayacaq. Satdığı neftlə iqtisadiyyatının canlanmasına yardımcı ola bilməyəcək.”
Umud Şükri həmçinin Kərkük neftinin təkrar bazara gəlməsinə dair xəbərləri dəyərləndirir. O deyir ki, Kərkük nefti həm qiymət olaraq, həm də kimyəvi xüsusiyyətləri baxımından İran neftinə alternativ ola bilər... Bu, İran üçün yaxşı bir əlamət deyil.”