Accessibility links

Türkiyə və Azərbaycan Trans Anadolu qaz kəmərinin reallaşdırılması ilə bağlı memorandum imzalayıb


Türkiyə və Azərbaycan Trans Anadolu qaz kəmərinin reallaşdırılması ilə bağlı memorandum imzalayıb
Türkiyə və Azərbaycan Trans Anadolu qaz kəmərinin reallaşdırılması ilə bağlı memorandum imzalayıb

Yeni konsorsiumun təsisçiləri Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyənin BOTAS və "Turkiye Petrolleri AO" şirkətidir.

Dekabrın 26-da Türkiyə və Azərbaycan Şahdəniz yatağından təbii qazın Türkiyə ərazisindən nəqli üçün tikiləcək Trans Anadolu qaz kəməri ilə bağlı konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Turan Agentliyinin məlumatına görə, sənədi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıb.

Cənab Yıldız memorandum imzalandıqdan sonra bildirib ki, Azərbaycan və Türkiyə reallaşdıracağı bu layihə vasitəsi ilə qaza ehtiyacı olan qərb ölkələrinin şirkətlərinin razılığa gələ bilmədiyi işi yerinə yetirir.

Nazir Natiq Əliyev imzalanmış memorandumun siyasi əhəmiyyət daşıdığını bildirib. “Türkiyə və Azərbaycan Avropa qaz bazarına birgə çıxacaq”.

Türkiyənin enerji və təbii ehtiyatları nazirliyinin saytı bildirir ki, konsorsiumun təsisçiləri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Türkiyənin BOTAS şirkəti və "Turkiye Petrolleri AO" (TPAO) dövlət neft şirkətidir. Sonradan konsorsiuma başqa beynəlxalq neft-qaz şirkətləri də qoşula bilər.
Azərbaycan və Türkiyə yeni qaz kəmərinin tikintisi barədə 25 oktyabr 2011-ci ildə razılığa gəlib. Noyabrın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İstanbulda ilk dəfə yeni kəmərin adını bildirib - Trans Anadolu Boru (Trans Anadolu Pipeline (ANAB).

Layihə iştirakçıları Trans Anadolu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, yeni yaradılacaq konsorsium Azərbaycan qazının Avropa bazarına çıxarılmasını tezləşdirəcək. Çünki, neçə illərdir ki, Nabucco kəməri ilə bağlı son qərar verilmir. “Bu memorandum Azərbaycan qazının Şərqi Avropaya çatdırılması işini tam reallaşdırır. Kəmərin uzunluğu 1200 kilometr olacaq və Azərbaycan qazını Gürcüstan sərhədindən başlayaraq Bolqarıstan sərhədinədək daşıyacaq. Layihəyə görə, Trans Anadolu kəmərinin ilkin illik gücü 16 milyard kubmetr qaz olacaq. Kəmərin tikintisinə 5 mlrd dollar vəsait yönəldiləcək”.

XS
SM
MD
LG