“İranın siyasi mühitində Traktorsazinin siyasi rolu haqqında az danışılır. Danışanda da aşağılayıcı bir dillə, pantürkist və bölücü damğalarına məhdud olur,” deyə Vahid Qarabağlı farsdilli mediada Təbrizin Traktorsazi futbol klubu və onun tərəfdarlarına qarşı qaralama kampaniyasının yürüdüldüyünü önə çəkir.
Amerikanın Səsinə danışan fəal və araşdırmaçı deyir ki, “Traktorsazi türklər arasında bir milli komanda halına gəlib və bu, İran dövlətini narahat edir.”
Vahid Qarabağlı müsahibədə son vaxtlar Traktorsazi komandası ilə əlaqədar İran mediasında gündəmə çıxan xəbərləri dəyərləndirib. O, həmçinin bu yaxınlarda beynəlxalq “İdman və Cəmiyyət” jurnalında dərc olan “Traktorsazi komandası və türklərin İran Azərbaycanında mədəni hüquqlar hərəkatı” adlı məqaləsi haqqında danışıb.
Traktor məsulları və tərəfdarları düşünürlər ki, Tehran Azərbaycandan olan və türkləri təmsil edən bir klubun birinci olma şansını əlindən alır.
Traktorsazinin çempion olmasına planlı olaraq mane olurlarmı?
“Dünyanın ən çox türk tərəfdara sahib olan futbol klubu” kimi tanınan Traktorsazinin məsulları və azarkeşləri, habelə türk fəallar müxtəlif dönəmlərdə bu komandanın çempion olmasının planlı şəkildə əngəlləndiyini önə çəkirlər.
Vahid Qarabağlının sözlərinə görə, “Traktor məsulları və tərəfdarları düşünürlər ki, Tehran Azərbaycandan olan və türkləri təmsil edən bir klubun birinci olma şansını əlindən alır. Onlar Traktorla bağlı qərarları siyasi görürlər. Buna görə ki, Traktorun İranda birinci olması ilə türklər arasında milli kimliyin və milli hisslərin oyanması və güclənməsindən qorxurlar.”
Qarabağlı son vaxtlar baş verən və Traktorsazi məsullarının şübhəli olaraq dəyərləndirdiyi bəzi olaylar haqqında danışır. O, həmçinin keçmişdə ortaya çıxan oxşar hadisələr, o cümlədən 2015 may ayında keçirilən final matçında olanlara diqqət çəkir.
Traktorsazinin simvoluk uğuru hakimiyyəti qayğılandırır
Türk azarkeşlər İran mətbuatında Traktorsaziyə qarşı qərəzli baxışların üstün olduğunu önə çəkirlər. Onlar hesab edir ki, həmin mətbuat qurumları “İran türklərinin Barselonası” adı verilən kluba qarşı həyata keçirilən “hiylələrin” üstünü örtürlər.
Misal üçün Tehranda yayımlanan Şəhrvənd qəzeti bu yaxınlarda “Traktorsazini niyə sevmirik” başlığı ilə bir məqalə dərc etmişdi. Media Traktorsaziyə qarşı planların həyata keçirilməsi üçün zəmin hazırlayır.
Vahid Qarabağlı isə hakimiyyətə yaxın olub olmadıqlarından asılı olmayaraq, İran mediasının Traktorsaziyə qarşı “qaralama kampaniyası” yürütdüyünü ifadə edir.
“Ölkənin idmanla əlaqədar qurumları da hakimiyyətin əlindədir. Onlar Traktorsaziyə qarşı bu addımları atarkən, [aşkara çıxarsa] bunun təhlükəsizlik baxımından mənfi nəticələrini əlbəttə ki, düşünürlər. Amma onları qayğılandıran daha böyük bir məsələ var. Traktorun simvolik qazancının bədəli onlar üçün daha ağır olar,” o söyləyir.
Media zəmin hazırlayır
Araşdırmaçının sözlərinə görə, “İran mediasında da daim Traktoru qaralamaq kampaniyası gedir. Xüsusilə təhlükəsizlik qurumlarına yaxın olan mediada. Tərəfdarlara pantürkist kimi damğalar vururlar. Sadəcə təhlükəsizlik qurumlarına yaxın olanlar deyi. Misal üçün Tehranda yayımlanan Şəhrvənd qəzeti bu yaxınlarda “Traktorsazini niyə sevmirik” başlığı ilə bir məqalə dərc etmişdi. Media Traktorsaziyə qarşı planların həyata keçirilməsi üçün zəmin hazırlayır. Yəni öncə damğalayıb, sonra planlarını həyata keçirirlər.”
Qarabağlı Traktorsaziyə qarşı həyata keçirilən planlarla əlaqədar İran Azərbaycanında azarkeşlərin təpkisiz olmadığını vurğulayır:
“Amma Traktor tərəfdarları da buna etiraz edir. İran polisi və təhlükəsizlik qüvvələri güc tətbiq edərək, gözyaşardıcı qazdan istifadə edərək etirazları yatırdır. Etirazçıları həbs edir.”
Traktorsazi komandası və türklərin İran Azərbaycanında mədəni hüquqlar hərəkatı
Vahid Qarabağlının “Traktorsazi komandası və türklərin İran Azərbaycanında mədəni hüquqlar hərəkatı” adlı bir məqaləsi bu yaxınlarda beynəlxalq “İdman və Cəmiyyət” jurnalında dərc olub.
İranlı jurnalistlərin yazılarında əgər ‘pantürkist’ damğasını görürüksə, əgər Traktorun anti-milli olduğunu yazırlarsa, əgər Traktorun siyasi bir komanda olmasından rahatsız olurlarsa, demək ki, onların dilində və söyləmində bir ideologiya və siyasi mövqe var.
“Məqalədə üstündə durduğum əsas məsələ bu idi ki, Traktorun ortaya çıxmasını biz tarixi və ictimai bir kontekstdə dəyərləndirməliyik. Belə ki, İran milliyyətçiliyi və milli dövlətinin ortaya çıxması dövründən bəri, İran milli kimliyi fars dili, kültürü, ədəbiyyatı və tarixi ilə tərif olundu. Qeyri-fars etnik qrupları isə fars dili üzərində qurulan millət anlayışının içində əritmək və assimilyasiya etməyə çalışdılar. Həmin dövrdən bəri türklər hər zaman öz kimliklərini ortaya çıxarmaq üçün uyğun məkanlar axtarırlar,” deyə o məqalənin əsas xəttini təsvir edir.
Araşdırmaçı Traktorsazinin matçlarının keçirildiyi stadionları “türklərin kimliklərini önə çıxrmaq üçün bir araya gəldikləri” məkanlardan biri kimi dəyərləndirir.
Azarkeşlər türkcə plakatlar və şüarlarla hakim kimlik anlayışını sorğulayırlar
Onun dediklərinə görə, “stadionlara çoxsayda insan gəlir. Bu mühitdə İranın türkləri təhqir etməsinə qarşı, onlar türklüyə sahib çıxırlar. Onların türk dilində plakat açıb şüarlar səsləndirməsi İranın mərkəziyyətçi farsçı siyasətini silkələyir və sorğulayır... Bu, İran dövlətini çox narahat edərkən, Traktorsazini Azərbaycanda və türklər arasında bir milli komanda halına gətirir.”
Türk fəal Tehran klublarının azarkeşlərinin Traktorsazi azarkeşlərinə qarşı səsləndirdikləri şüarlara diqqət çəkərək deyir ki, “bunlar sırf idmanla əlaqəli qarşıdurmalar deyil.”
Traktorsazini oxumaq və danışmaq lazimdir. İranlı siyasətçilər, qəzetçilər və aydınlar buna yanaşmırlar. Təəssüflə bu onların qorxusunu göstərir. Onlar bununla üzləşməlidirlər.
“Biz Tehranda fars komandaları kimi təqdim edilən İstiqlal və Perspolis azarkeşlərinin şüarlarına baxanda, bunların türklərə qarşı səsləndirilən qeyri-insani və irqçi şüarlar olduğunu görürük. Bu irqçi şüarlar iki komandanın tərəfdarları arasında səsləndirilən şüarlara oxşamır. Biz bu şüarlarda türklərə qarşı toplumun tamamında var olan irqçi söyləmin bir parçasını görürük. Bu irqçilik quraşdırılmış və strukturaldır,” Vahid Qarabağlı ifadə edir.
Traktorsazinin siyasi rolu haqqında az danışılır
O, iranlı jurnalistlərin də Traktorsaziyə qarşı münasibətlərinin idman klublarına göstərilən münasibətdə fərqləndiyini vurğulayır:
“Mən farsdilli mediada yazanların istifadə etdikləri söyləmi təqib edirəm. Əgər biz onların yazılarında ‘pantürkist’ damğasını görürüksə, əgər onlar Traktorun anti-milli olduğunu yazırlarsa, əgər Traktorun siyasi bir komanda olmasından rahatsız olurlarsa, demək ki, onların dilində və söyləmində bir ideologiya və siyasi mövqe var. Biz bunu görə bilirik.”
Türk fəalın sözlərinə görə, “Traktorun güclü olması Tehranda bir qarşıdurma yaradır. Traktor Tehrandakı Perspolis və İstiqlalın İranın ən güclü komandaları olmasını sorğulayır. Traktor bunu sorğulayanda, eyni zamanda mərkəzdən uzaqlaşmaq, habelə bölgələrdə öz kimlikləri üzərində vətən hissi yaradır.”
Vahid Qarabağlı İranın siyasi mühitində Traktorsazinin siyasi rolu ilə bağlı mükalimənin yetərli olmadığndan gileylənir:
"Danışanda da aşağılayıcı dillə, pantürkist və bölücü kimi damğalara məhdud qalır. Amma bu böyük bir hərəkatdır. Bunu oxumaq və danışmaq lazimdir. İranlı siyasətçilər, qəzetçilər və aydınlar buna yanaşmırlar. Təəssüflə bu, onların qorxusunu göstərir. Onlar bununla üzləşməlidirlər.”