Accessibility links

İranda türklər futbolda ayrı-seçkiliyə etiraz edir


Bu günlərdə Rusiyada 2018 dünya çempionatının keçirilməsi ilə bərabər İran futbolunda azlıq qruplar, o cümlədən qeyri-fars cəmiyyətlərin ayrı-seçkiliklərə məruz qalması yenidən gündəmə gəlib.

İran Azərbaycanında sosial media istifadəçiləri ən çox İran milli yığmasının qəzetlərdə “Fars Çitaları” olaraq təqdim edilməsinə etiraz edirlər.

Türk fəallar müxtəlif etnik cəmiyyətlərdən oyunçuların yer aldığı yığmanın “fars” adı ilə təqdim edilməsini türklər və digər qeyri-farsların yox sayılması kimi dəyərləndirirlər.

​İran İslam Respublikasının rəsmi orqanı olan “İran” qəzeti iyunun 14-də buraxdığı sayının birinci səhifəsində “Fars Çitaları qələbə üçün pusquda” başlığını dərc edib.

Keçmiş illərdə də Dünya Çempionatları və Asiya Kubokunda yarışan İran yığmasına “Fars Ulduzları”, “Fars Şahzadələri”, “Farsın İftixarı” və “Fars Aslanları” kimi ləqəblərin verilməsi qeyri-fars cəmiyyətlər arasında təpkilərə səbəb olmuşdu.

Millət vəkilləri Tehran komandalarının həddindən artıq dövlət imkanlarından istifadə etməsinə habelə Traktorsazi kimi komandalara kifayət qədər dəstək verilməməsinə etiraz bildiriblər.

Həmçinin keçən günlərdə Qərbi Azərbaycan vilayətindən bir neçə millət vəkili İran Parlamentində Traktorsazi klubuna qarşı ayrı-seçkilikləri gündəmə gətiriblər.

Xoy və Urmiyə millət vəkilləri Tağı Kəbiri və Nadir Qazipur İstiqlal və Perspolis kimi Tehran komandalarının həddindən artıq dövlət imkanlarından istifadə etməsinə habelə Traktorsazi kimi komandalara kifayət qədər dəstək verilməməsinə etiraz bildiriblər.

Türk və ərəb fəallar, həmçinin İran stadionlarda türklər və ərəblərə qarşı səsləndirilən irqçi şüarlara etiraz edirlər.

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi 2017-ci ilin iyun ayında yayımladığı bir sənəddə stadionlarda iranlı azarkeşlərin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkib.

XS
SM
MD
LG