Accessibility links

Təhlil: Ərəb Baharı Şərqi büsbütün dəyişdi


Təhlil: Ərəb Baharı Şərqi büsbütün dəyişdi
Təhlil: Ərəb Baharı Şərqi büsbütün dəyişdi

Ərəb Dünyasını çalxalayan etiraz dalğası gözlənilməz olduğu qədər də kataklizmik idi. Uzun dönəmli hökmdarlar devrildi, başqaları devrilmək üzrədir, region əbədi dəyişib.

Ərəb Baharı ölümlə başladı. Yanvarın əvvəlində Tunisdə nümayişçilər qəddar rejimdən cana doyaraq özünü yandırmış gənc küçə satıcısı ilə həmrəylik əlaməti olaraq küçələrə çıxdılar.

Bu ölüm Yaxın Şərq və Şimali Afrikanın tarixini dəyişəcək hadisələrə həyat verdi.

On illərlə regionun siyasi həyatında durğunluq hökm sürürdü. Formal şəkildə respublika adlanan məkanlarda bir ovuc varlı adam hakimiyyəti oğullarına miras qoymaq arzusu ilə hökmranlıq edirdi. Elə görünürdü ki, sanki heç nə dəyişməyəcək – ta dəyişənədək.

Tiraniyaya qarşı illərlə közərən qəzəb vulkan kimi qəfildən püskürdü. Çoxu üçün geriyə yol yox idi. Human Rights Watch-un təmsilçisi Heba Morayef:

“Ərəb Baharının yaşandığı ölkələrdə - Tunisdə, Misirdə, Liviyada, Suriyada gördüklərimiz səhnələrdə gənclər azadlıq, hüquqları uğrunda ölməyə hazır olduqlarını nümayiş etdirdilər. Ərəb Baharının yanacağı onların azadlıq həvəsi idi.”

Etirazçılar bir-birlərindən öyrəndilər. Onlar hamısı eyni məqsəd uğrunda vuruşurdular. Rəhbərliklərin repressiv mahiyyətinin eyniliyi də onların süqutunun başlıca səbəbi oldu.

“Onların hamısında eyni sistem var idi – hərbi, kəşfiyyat, polis rejimi, Tunisdəki kimi, Misirdəki kimi, Yəməndəki kimi, Suriyadakı kimi, Liviyadakı kimi. Dominoların birinə dəyəndə o birilər də uçur,” deyə Qahirədəki Amerika Universitetinin professoru Səid Sadek bildirir.

Üsyanlar təkcə bu dövlətlərin hökmdarlarını dəyişməyib, həm də uzun dönəmli geo-siyasi münasibətləri dəyişib.

“Əvvəllər Yaxın Şərqdə kim-kimin dostu olduğu bilinirdi. Bir sistem var idi. Hakimiyyətin atadan oğula keçəcəyi yerdə ittifaqlar və düşmənçiliklər bəri başdan aydın idi. Amma indi hər şey gözlənilməz olub,” deyə Heba Morayef bildirir.

Hələlik bu üsyanların demokratik hakimiyyət gətirib-gətirməyəcəyi aydın deyil. Bəziləri Tunis və Misirdə İslamçı partiyaların qələbəsini demokratik keçidə təhlükə kimi görür.

Başqaları üçün mübarizə hələ də davam edir.

Amma bir şey qətidir: Bu gənc döyüşkən nəsil elə bir qüvvəyə çevrilib ki, bundan sonra hər bir Ərəb lideri onlarla hesablaşmalıdır.

XS
SM
MD
LG