ABŞ-da qərargahlanan ekspertlər Amerikanın Səsinə müsahibədə ərəb ölkələrinin İsrail-HƏMAS münaqişəsinə münasibəti, son hadisələrin fars körfəzinin ərəb ölkələrinin İsraillə əlaqələrinin normallaşdırılmasına təsiri, Misirin HƏMAS-la İsrail arasında vasitəçilik etmək ehtimalı və körfəz ölkələrinin İsraillə fələstinlilər arasında sülhü təmin etmək perspektivlərini şərh edib.
Cənubi Kaliforniya Universitetinin Beynəlxalq Münasibətlər və Yaxın Şərq Araşdırmaları üzrə professoru Lori Brand ərəb ölkələrində son hadisələrə ölkə rəhbərlikləri tərəfindən verilən reaksiyalarla əhali arasındakı reaksiyaları ayırmağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərəb dünyasında çox vaxt, “xüsusilə də Fələstinlə bağlı məsələlərdə” ölkə rəhbərliyi ilə əhali arasnda fərq olur.
“Beləliklə, İordaniya və Misirdən danışsaq, orada ölkə rəhbərliyi sakitliyə və tərəfləri mümkün qədər tez gərginliyə son qoymağa çağırıblar. Xalq səviyyəsində isə fələstinlilərə həm böyük, həm də kiçik dəstək nümayişləri olub,” o deyib.
Onun sözlərinə görə, ərəblər arasında fələstinlilərə dəstək və ya rəğbət HƏMAS və ya Fətah olmasından asılı olmayaraq mövcuddur.
“Ərəblər və ətraf ölkələr bu işğalın qəddarlığının fələstinlilər üçün hər gün nə demək olduğunu anlayırlar. Beləliklə, hazırda göstərilən dəstək uzun müddətdir mövcud olan və insanların bu illər ərzində vaxtaşırı ifadə etdikləri əhval-ruhiyyənin təzahürüdür,” Brand bildirib.
Brand həmçinin Körfəz ölkələrinin İsraillə əlaqələrin normallaşdırılması ehtimalını da şərh edib.
Onun fikrincə, son hadisələr bu eskalasiyadan əvvəl israillilər və səudiyyəlilər arasında davam edən cari müzakirələr və addımlara ən azıdan müvəqqəti olaraq mənfi təsir göstərəcək. O deyir ki, Səudiyyə Ərəbistanı kimi bir dövlətin plana uyğun irəliləməsi, ya da bəlkə də səudiyyəlilərin və israillilərin istəyinə uyğun olan Tramp administrasiyasının vasitəçilik etdiyi Abraham Akkorduna əsasən münasibətlərin normallaşdırılmasının dondurulmasını seçəcəyini proqnozlaşdırmaq çətindir.
“Amma hələlik, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında çox nəzarəti altında olmasına baxmayaraq, bunun dondurulması ehtiyacı aydındır. Düşünmürəm ki, o, fələstinlilərə edilənləri nəzərə alaraq, indiki mərhələdə İsraillə razılaşma ilə irəliləmək istəsin,” o deyib.
Vaşinqtonda qərargahlanan Ərəb Körfəz Ölkələri İnstitutunun baş elmi işçisi Robert Mogilniki də son hadisələrin əlaqələrin normallaşdırılmasına doğru nisbətən sürətli və asan yolun olma ehtimalını təhdid etdiyini düşünür. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu hadisələrə qədər, artıq normallaşma prosesini yekunlaşdıran digər ölkə istisna olmaqla, ən çox normallaşma perspektivi olanölkə idi.
“Ancaq bir çox cəhətdən normallaşma cəbhəsinsə İsraillə əlaqə qurmaq baxımından, və həmin preosesdə fələstinliləri nəzərə aldıqlda, son bir neçə gündə oyunun qaydaları dəyişib,” o deyib.
Bununla belə, onun sözlərinə görə, Səudiyyə Ərəbistanı rəsmilərinin bu vəziyyəti idarə edə biləcəkləri və bəzi maraqlarına nail ola biləcəkləri bir yol ola bilər.
“Amma mən bu yolun hazırda daha mürəkkəb olduğunu və siyasi baxımdan səuddiyyəlilərin bu münasibətlərə və İsrail-Fələstin məsələsinə fürsətçi nöqteyi-nəzərdən yanaşmasının da çox çətin olacağını düşünürəm,” o deyib.
Mogilniki Qətər, Küveyt və Omanın isə İsraillə münasibətlərin normallaşmasına, ən azından qısa müddətdə, çox həvəsli görünmədiklərini və onların israillilərə qarşı daha tənqidi ola biləcəklərini deyib.
“Onların, belə desək, bir az manevr etməyə imkanları var,” o bildirib.
Daha öncə İsraillə Həmas arasında vasitəçilik edən Misirin hazırda çətin vəziyyətdə olduğunu deyən Mogilniki sərhədində hər hansı qeyri-sabitlik ehtimalının, ölkəyə qaçqın axını və ya verməli olacağı iqtisadi dəstək və ya yardım kimi əlavə öhdəliklərin Misir daxilindəki vəziyyəti daha da çətinləşdirə biləcəyini və Misiri vasitəçilik etmək imkanını məhdudlaşdıracağını bildirib.
“Mən hazırda Misirin vasitəçilik etmək üçün güclü mövqedə olduğunu düşünmürəm,” Mogilniki deyib.
Mogilniki bu münaqişənin daha geniş regional bir müharibəyə çevirlmək ehtimalınının da cüzi olduğunu deyib.
“Bu ehtimal uzaqdır ona görə ki, regionda demək olar hər bir kənar aktyorun hərbi əməliyyatların dayandırılması və atəşkəsin dəstəklənməsində və zorakılığın qarşısının alınmasında böyük marağı var,” ekspert bildirib.
Forum