Gənc türk fəal Rahim Zareinin iyunun 26-da Təbrizin Baranlı kəndindəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.
Bu haqda məlumatı insan haqlarına dair xəbər yayan internet portallarından əlavə fəalın dostları da sosial şəbəkələrdə nəşr ediblər.
Yayılan məlumata görə, Ettelaat qüvvələri güc tətbiq edərək və məhkəmə hökmü göstərmədən Rahim Zareinin çalışdığı istixanaya giriblər. Təhlükəsizlik qüvvələrinin silahla gözətçi itlərə atəş açdığı bildirilib.
Oyan News veb səhifəsinə istinadən, məmurlar həmçinin bir neçə həftə öncə mədəni fəalın evini axtararaq onun şəxsi əşyası, o cümlədən kompüterini müsadirə ediblər.
Rahim Zarei keçən günlərdə bir neçə dəfə İran Ettelaat Nazirliyinin Xəbərləşmə Mərkəzinin Təbriz şöbəsinə çağrılıb, amma gənc fəal məhkəmədən rəsmi çağırış olmadığı üçün quruma müraciət etməkdən imtina etmişdi.