Accessibility links

Əbdüləziz Əzimi Qədim və Salar Turi həbs edilib



Güneyli fəal və din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi Qədimin məhkum olduğu yeddi ay həbs hökmünü keçirmək üçün Təbriz zindanına göndərildiyi, həmçinin mədəni fəal Salar Turinin təhlükəsizlik əməkdaşları tərəfindən nəzarət altına alındığı bildirilir.

“Cənab Əzimi Qədim Təbrizin Özəl Ruhani Məhkəməsi tərəfindən məhkum olduğu yeddi ay həbs cəzasını çəkmək üçün sentyabrın 18-də Təbriz Mərkəzi zindanına göndərilib,” deyə Günaz TV veb səhifəsi qeyd edib.

Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq ötən ilin dekabr ayında Marağa şəhərində təşkil edilən aksiyalara qatıldığı üçün “qeyri-qanuni aksiyaya qatılmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edilən din xadimi bir neçə ay öncə İran Özəl Ruhani Məhkəməsinin Təbriz şöbəsi tərəfindən yeddi ay və bir gün həbs cəzasına məhkum edilmişdi.

Araz News saytı isə 100 milion tümən məbləğində zəmanətlə müvəqqəti azadlıqda olan milli fəal Salar Turinin ötən günlərdə Ettelaat məmurları tərəfindən təkrar tutulduğunu bildirib.

Cənab Turi bundan öncə də neçə dəfə həbsə məruz qalıb. O, 2012-ci ildə Beynəlxalq Ana Dili günü ilə bağlı, eləcə də ötən fevral ayında Traktorsazi komandasının qatıldığı Asiya Çempionlar Liqası oyunlarından öncə baş verən kütləvi həbslər zamanı nəzarət altına alınmışdı. Təbriz məhkəməsi daha əvvəl onu dörd ay həbsə məhkum edib.
XS
SM
MD
LG