Birləşmiş Krallığın tanınmış jurnalistləri həbsdə olan qəzet redaktoru Eynulla Fətullayevin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə “kütləvi tvitter” çağırışı edib.
Turan agentliyi bildirir ki, Amnesty İnternational təşkilatının 20-ci Media Mükafatları mərasiminə qatılan jurnalistlər əllərində Azərbaycan dilində “Eynulla Fətullayevi azad et!” - “Free Eynulla Fatullayev!” sözləri yazılmış plakatlarla şəkil çəkdirib. Hər bir fotoşəkil @president.az tvittter ünvanına malik prezident Əliyevə tvit olunub. Channel 4 telekanalının Xəbərlər proqramından Con Snou və “The Observer” qəzetinin redaktoru Con Malholland fotoları mərasim ərəfəsində tvit edib. Bundan sonra, aksiya www.amnesty.org.uk/eynulla ünvanında Amnesty İnternational təşkilatının tərəfdarları və bütün dünyada ifadə azadlığına biganə olmayanlar tərəfindən başlanıb. Onlar Fətullayevin azad olunması üçün prezident Əliyevə öz şəkillərini və mesajlarını tvitter yolu ilə göndərir.
E.Fətullayev Amnesty İnternational təşkilatının və başqalarının inamına görə müstəqil, tənqidi jurnalist fəaliyyəti ilə əlaqədar artıq dörd ildir ki, həbsdədir. O, 2009-cu ildə Amnesty İnternational təşkilatının “Təhlükə Altında Jurnalistika” üçün xüsusi mükafatının laureatı olub, bu mükafatı onun adından Con Malholland qəbul edib. Media Mükafatları mərasimində giriş sözü ilə çıxış edən Amnesty İnternational təşkilartının Birləşmiş Krallıq üzrə direktoru Keyt Allen belə deyib. “Prezident Əliyev başa düşəcək ki, Azərbaycan mediasına münasibətdə etdiyi kimi Tvitterə də ağızlıq keçirə bilməyəcək. Mən əminəm ki, bütün dünyada Amnesty tərəfdarları Eynullanın azadlığı üçün tvit edəcəklər və bunu görmək çox xoşdur ki, jurnalistlər öz həmkarlarından biri üçün ayağa qalxırlar. Azərbaycan bu mükafatlı qəzet redaktorunu azad etməli və bütün Avropaya göstərməlidir ki, ifadə azadlığı hüququna hörmət bəsləyir”.
Amnesty International bildirir ki, azadfikirli jurnalist kimi tanınan Fətullayev uzun müddət təqib olunan vicdan məhbusudur. Amnesty International Azərbaycan hakimiyyətini özünün ifadə azadlığına ehtirama dair beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır. E.Fətullayev həbsxanada qaldıqca Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət pisləşməkdə davam edir.
Amnesty İnternational təşkilatının “Dünyada insan haqlarının vəziyyəti” adlı illik hesabatında Azərbaycan haqqında belə deyilir. “Hədə-qorxu, təqib, jurnalistlərə və vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq cəzasızlıq mühitində davam edərək özünü senzuranın artmasına rəvac verib. Böhtana dair cinayət və inzibati məcəllələrdən tənqidi susdurmaq üçün istifadə olunub ki, bu da jurnalistlərə qarşı həbs cəzaları və ağır cərimələrlə nəticələnib. Son aylarda bir neçə demokratiyapərəst etirazlarla əlaqədar həbslər dalğası, demokratiya və insan haqları sahəsində çalışan bir neçə qeyri-hökumət təşkilatının zorla bağlanması, həmçinin hakimiyyəti tənqid etdiklərinə görə iki jurnalistin oğurlanması və döyülməsi müşahidə olunub”.
Sənəddə deyilir ki, E.Fətullayevin həbsi və məhbəsə atılması Azərbaycan hökumətinin ona və onun qəzetlərinə qarşı illərlə davam edən təqibinin kulminasiyası olub. 2007-ci ildə Fətullayev ziddiyyətli müxalif jurnal “Monitor”un redaktoru Elmar Hüseynovun 2005-ci ilin martında yüksək vəzifəli rəsmilərin sifarişi ilə cinayətkar dəstə tərəfindən qətlə yetirilməsi barədə reportajından sonra ölümlə təhdid olunub. Hakimiyyəti tənqid edən silsilə yazılarından sonra 2007-ci il aprelin 20-də Fətullayev əvvəlcə böhtana görə cinayətdə ittiham olunub. 2007-ci ilin oktyabrında o, əlavə olaraq siyasi motivlərlə terrorçuluğu dəstəkləməkdə, etnik nifrəti qızışdırmaqda və vergidən yayınmada ittiham olunub. 2009-cu ilin sentyabrında Avropa İnsan Haqları Məhkəməsi Fətullayevin işinə baxılmasına başlayıb. Elə həmin ilin dekabrında ona qarşı narkotik maddələrin qanunsuz saxlanmasına dair ittiham irəli sürülüb. Avropa İnsan Haqları Məhkəməsinin Eynullanın dərhal azadlığa buraxılmasına dair 22 aprel 2010-cu il tarixli hökmünün icra müddəti 2010-cu ilin oktyabrında başa çatıb. Bu hökmə uyğun olaraq Azərbaycan Ali Məhkəməsi 2010-cu il noyabrın 11-də Fətullayevin böhtan, terrorizm və irqi nifrəti qızışdırmaq barədə ittihamlarına xitam verib və həmçinin onun vergidən yayınma maddəsi üzrə cəza müddətinin başa çatması barədə hökm çıxarıb. Bununla belə, Eynulla Fətullayev hələ də həbsxanadadır. Belə ki, Azərbaycan hakimiyyəti 2010-cu il iyulun 6-da onu narkotik maddələrin saxlanması ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edib.
Amnesty International inanır ki, Eynulla Fətullayevə qarşı bütün ittihamlar onun reportajlarını susdurmaq məqsədilə saxtalaşdırılıb və təşkilat Azərbaycan hakimiyyətini onun dərhal və qeyd-şərtsiz azad edilməsinə, onun qanunsuz olaraq həbsdə saxlanmasına görə müvafiq kompensasiyanın ödənməsinə çağırmaqda davam edir. Amnesty International təşkilatının Birləşmiş Krallıqdakı nüfuzlu illik Media Mükafatları insan haqları barədə reportajlara müstəsna qiymət verir və jurnalizmin Birləşmiş Krallıq ictimaiyyətinin insan haqları sahəsindəki biliklərinə əhəmiyyətli töhfəsini yüksək qiymətləndirir. Qaliblər bu gecə Londonun South Bank hissəsində yerləşən BFİ-də keçirilən mərasimdə elan ediləcək. Bu ilki qaliblərin ilkin siyahısına salınmış media qurumlarının arasında BBC, CNN, The Guardian, Channel 4, News, GQ-dan Mari Kler, Sunday Times, The Observer və The İndependent qəzetləri var.