Accessibility links

Taleh Bağırov aclığı dayandırıb


Taleh Bağırov
Taleh Bağırov

Dindarların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Rövşən Əhmədli və Eldəniz Quliyev fevrakln 15-də Qobustan həbsxanasına baş çəkiblər. Onlara "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırov, həmin təşkilatın fəalı Cabbar Cabbarov və İslam Partiyasının lideri Mövsüm Səmədov ilə görüş imkanları yaradılıb.

Rövşən Əhmədli Amerikanın Səsinə bildirib ki, həbsxanada vəkillər üçün ayrılmış otaqda hər bir məhkumla ayrıllıqda görüş olub.

Rövşən Əhmədli
Rövşən Əhmədli

Taleh Bağırov komitə həmsədrlərinin, Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyinin, tərəfdarlarının xahişini nəzərə alaraq aclığı dayandırmaq qərarına gəlib.

O, mühakimə olunmuş dindarların hüquqlarının pozulmasına etiraz olaraq 16 gün aclıq edib.

Rövşən Əhmədlinin sözlərinə görə, hər üç məhkum ruhdan düşməyib, nikbindir, ictimai dəstəyə görə hüquq müdafiəçilərinə, media mənsublarına və tərəfdarlarına təşəkkür edib.

Taleh Bağırov komitə həmsədrlərinin, Demokratik Qüvvələrin Milli Şurası rəhbərliyinin, tərəfdarının xahişini nəzərə alaraq aclığı dayandırmaq qərarına gəlib.
Rövşən Əhmədli, hüquq müdafiəçisi

Öz növbəsində Eldəniz Quliyev bildirib ki, "Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseyn ilə görüş istənilib. Lakin görüş baş tutmayıb, çünki o, müalicə müəssisəsinə yerləşdirilib.

Onun sözlərinə görə, hər üç şəxsin telefon danışıqlarına məhdudiyyətlərin götürülməsi məsələsi yerində həll olunub.

Taleh Bağırov və Cabbar Cabbarov eyni kamerada saxlanmaq istədiklərini bildirib. Lakin həbsxana rəhbərliyi bunun onların səlahiyyətində olmadığını deyib.

"Odur ki, biz Penitensiar Xidmətə daha bir müraciət yazacağıq", Eldəniz Quliyev qeyd edib.

"Məhbuslar işgəncələr barədə danışdımı?" sualının cavabında Quliyev deyib ki, dindarlar bildiriblər ki, son vaxtlar fiziki təzyiqlərə son qoyulub.

Ümumilikdə, Eldəniz Quliyev Penitensiar Xidmət və Qobustan həbsxanası rəhbərliyinin ictimaiyyət nümayəndələrinə sözügedən şəxslərlə görüş imkanları yaratmasını müsbət qiymətləndirib.

Bundan öncə Penitensiar Xidmət Taleh Bağırov və digər dindarrların aclıq etməsi barədə məlumatları təkzib edib.

Eldeniz Quliyev
Eldeniz Quliyev

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.

Polislər isə işgəncə iddialarını təkzib edib.

İslam Partiyasının lideri Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

Səmədov 2 il Qobustan qapalı həbsxanasında saxlanıldıqdan sonra 2016-cı il noyabrın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Koloniyaya qaytarıldıqdan sonra keçən 7 ay ərzində Səmədov ümumilikdə 4 ay cərimə kamerası (karser), təcridxana və kamera tipli yerdə saxlanılıb.

2017-ci ilin may ayında Qaradağ Rayon Məhkəməsi Mövsüm Səmədovun 12 saylı koloniyadan yenidən 3 il müdddətinə Qobustan Qapalı Həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG