Taha Kirmani Qasim Süleymaninin öldürülməsi ardınca İran daxilində hakimiyyətin xeyrinə dəyişən siyasi atmosferin uzun sürəcəyini ehtimal etmir.
Amerikanın Səsinə danışan jurnalist deyir ki, “neçə ay sonra yenə gündəlik həyatın çətinlikləri səbəbilə biz kütləvi etirazlara şahid ola bilərik. Yenə də İranın Suriya siyasətini tənqid edən yüz minlərlə insanı küçələrdə görə bilərik.”
Yas mərasimlərinə baxdığımızda bu sadəcə İslam Respublikası dönəmi ilə açıqlanacaq bir məsələ deyil. Bu məsələnin siyasi şiə anlayışında çox dərin keçmişi vardır.
Keçən günlərdə yüz minlərlə iranlı ABŞ-ın hava hücumu zamanı İraqda öldürülmüş elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə vidalaşmaq üçün Tehran, Qum, Əhvaz, Məşhəd və Kirman şəhərlərində küçələrə çıxıb. Çərşənbə axşamı Kirmanda Süleymaninin dəfn mərasimində basırıq zamanı azı 56 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
“Deyə bilərik ki, millət bu hakimiyyətin illər öncədən Qasim Süleymanini müqəddəsləşdirmə prosesinin yaratmış olduğu atmosferə qapılıb,” deyə Taha Kirmani baş verənləri dəyərləndirir.
Onun söylədiklərinə görə, “yas mərasimlərinə baxdığımızda bu sadəcə İslam Respublikası dönəmi ilə açıqlanacaq bir məsələ deyil. Bu məsələnin siyasi şiə anlayışında çox dərin keçmişi vardır. Ümumiyyətlə bu, şiələrin məzlumluq və məğlubiyyət psixologiyasından yola çıxaraq ortaya qoyduğu təpkidir. İslam Respublikası şiə siyasi anlayışını təmsil edən bir rejim olaraq bu psixologiyanı çox yaxşı yönləndirir. Qasim Süleymaninin yas mərsimləri bu mənada birinci nümunə deyil.”
Neçə ay sonra yenə də gündəlik həyatın çətinlikləri səbəbilə biz kütləvi etirazlara şahid ola bilərik. Yenə də İranın Suriya siyasətini tənqid edən yüz minlərlə insanı küçələrdə görə bilərik.
Qasim Süleymaninin ölümündən sonra İran xaricində fəaliyyət göstərən bəzi müxalif şəxslər də onu İranın ərazi bütövlüyü üçün döyüşən bir qəhrəman kimi təqdim edirlər.
Taha Kirmaninin sözlərinə görə, “İslam Respublikası Qasim Süleymani kimi bir xarakteri yaratmaq üçün çox çalışdı. Bu çoxölçülü bir xarakter idi. Süleymani tipik bir Sepah qüvvəsi və ya tipik bir İran rəsmisi deyildi. Bu xarakterin bir aspekti də fars milliyyətçiliyini və ya iranlılığı təmsil edirdi. Bu da istər istər istəməz İran hakimiyyətinə nisbətən uzaq olan hətta sekular qrupları da özünü cəlb etdi.”
Jurnalist Qasim Süleymani olayı ilə İran daxilində ortaya çıxan siyasi atmosferin uzun müddət davam edəcəyini ehtimal etmir:
“Biz bir ay öncəsinə qayıtdığımızda, İran küçələrində çox radikal bir dillə İranın xarici siyasətini tənqid edərək şüarlar verən milləti gördük. Bu İran toplumunun bir hissəsi idi. Bugün gördüklərimiz də bu toplumun başqa bir hissəsidir. Bu iki hissəni bir-birindən ayıran xətt çox kəskin bir xətt deyil. Dəyişgən bir şeydir. Neçə ay sonra yenə də gündəlik həyatın çətinlikləri səbəbilə biz kütləvi etirazlara şahid ola bilərik. Yenə də İranın Suriya siyasətini tənqid edən yüz minlərlə insanı küçələrdə görə bilərik.”
Kirmani əlavə edir ki, “ölkə daxilindəki təpkilərə baxanda, hakimiyyətin rəsmi şərhi xaricində hər hansı bir təpkini görmək imkanına sahib deyilik. Təsəvvür edin ki, indi bizim gördüyümüz təsvirin xaricində düşünənlər özlərini təmsil edə bilirlər mi? Gəlib öz sözlərini mediada deyə bilirlər mi? Əlbəttə ki yox!”