Accessibility links

Avropa İttifaqı Suriyada üsyançıların silahlandırılması haqda qərarı gecikdirir



Suriyada üsyanın üçüncü ilə qədəm qoyduğun vaxt Avropa İttifaqı Britaniya və Fransanın Suriyada hökumət qüvvələrinə qarşı mübarizə aparan üsyançıların silahlandırılmasına dair təklifi ilə bağlı qərarın çıxarılmasını gecikdirir.

Brüsseldə danışıqlardan sonra açıqlama verən Avropa Komissiyasının prezidenti Herman van Rompuy deyib ki, Avropa İttifaqının liderləri üsyançıların silahla təchiz edilməsinə imkan vermək üçün blokun tətbiq etdiyi embarqonun yüngülləşdirilməsi məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, onlar məsələnin gələn həftə Dublində xarici işlər nazirləri səviyyəsində müzakirəyə çıxarılmasını təklif ediblər.

Hazırda tətbiq edilən embarqo Avropa İttifaqına üzv ölkələrin Suriya müxalifətini silahla təmin etməsinə imkan vermir. Embarqo may ayında qüvvədən düşəcək. Avropa İttifaqına bəzi üzv ölkələr Suriyaya silah çatdırılmasının ölkədə zorakılıq səviyyəsinin daha artmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıq bildirib.

Fransa Suriyada üsyançıların silahlandırılmasına kömək etmək üçün başqa ölkələrin razı olmadığı halda da, Britaniya ilə birlikdə işləməyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG