Accessibility links

Qərbdəki müəyyən dairələr müstəqil siyasət aparmağa çalışan Ərdoğanı devirməkdə maraqlıdır [Audio-Müsahibə]


Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Azərbaycanın Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsinə verdiyi müsahibəsində son dövrlərdə Türkiyə və NATO arasındakı münasibətlərdə yaranmış fikir ayrılıqları və bunun Türkiyə üçün nəticələrindən danışıb.

"Qərbdəki müəyyən dairələr müstəqil siyasət aparmağa çalışan Ərdoğanı devirməkdə maraqlıdır"
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Amerikanın Səsi: Bir çox təhlilçi düşünür ki, NATO hazırda daxildən parçalanmaqdadır. Buna əsas misal kimi də alyansın vacib üzvlərindən olan Türkiyəylə münasibətlərdə yaranan uzaqlaşmanı göstərirlər. Siz necə düşünürsüz, Türkiyəylə NATO və Qərb qurumları arasında belə bir soyuqlaşmanın əsas səbəbləri nədir?

Əsas fikir ayrılığı ABŞ strateji kürd kartından əl çəkmək istəməməsiylə bağlıdır

Sülhəddin Əkbər: Düşünürəm ki, bu məsələni təhlil edərkən hansı səviyyədə təhlilin aparılmasına diqqət etmək lazımdır. Təhlil strateji, operativ və taktiki səviyyədə olar bilər. Əgər, məsələyə strateji yəni, uzunmüddətli və geniş səviyyədə yanaşsaq aydın olar ki, NATO-nun tarixində buna bənzər, hətta bundan da kəskin böhranlar çox olub. Amma NATO bu böhranları uğurla dəf edə bilib və alyansı da bu günə kimi qoruya bilib. Bilirsiz ki, NATO kimi alyanslar həm maraqlar, həm də dəyərlər üzərində qurulub.

Nəzərə almaq lazımdır ki, Türkiyə dünyəvi bir ölkədir, Qərblə eyni universal dəyərləri bölüşür və xüsusən hərbi təhlükəsizlik məsələsində strateji maraqları üst-üstə düşür. Üstəlik bu günə qədər NATO ilə əlaqələrinə görə strateji güc və qüvvələrini inkişaf etdirmək imkanı olmayıb. Buna görə də Türkiyənin NATO-ya ciddi ehtiyacı var. Digər tərəfdən də Balkanlarda, Orta Şərqdə və Qafqazda baş verənlərin prespektivine baxsaq, ələxsus terrorizmlə mübarizə və qaçqın probleminə görə NATO-nun Türkiyəyə çox ehtiyacı var.

Rəcəb Tayyib Ərdoğan NATO-nun Norveçdə keçirilən hərbi təlimlər zamanı onun və Mustafa Kamal Atatürkün portretlərini hədəf lövhəsinə yerləşdirilməsini pisləyiib. 17 noyabr, 2017.
Rəcəb Tayyib Ərdoğan NATO-nun Norveçdə keçirilən hərbi təlimlər zamanı onun və Mustafa Kamal Atatürkün portretlərini hədəf lövhəsinə yerləşdirilməsini pisləyiib. 17 noyabr, 2017.

Strateji planda Türkiyə və NATO münasibətlərinin davam edəcəyini düşünürəm. Operativ və taktiki planda, Suriya və İraqda operativ əməliyyatların keçirilməsində isə fikir ayrılıqları ola bilər.

Türkiyə geopolitik oyunqurucu olmasa da, oyunpozucu statusuna sahib olmaq istəyir

İndiki fikir ayrılıqları əsasən Suriyada yaranmış durumla, ABŞ strateji kürd kartından əl çəkmək istəməməsiylə bağlıdır. Bildiyiniz kimi ABŞ YPG-yə verdiyi dəstəkdən imtina etmək istəmir. Açıq görünür ki, ABŞ həm Türkiyə, həm Suriya, həm İran, həm də İraq ərazisini əhatə edən kürd dövlətinin qurulmasıyla bağlı plana sahibdir. Bu da Türkiyənin milli təhlükəsizlik maraqlarıyla toqquşduğuna görə məsələyə ciddi yanaşmaq lazımdır. Yəni, bu məsələ strateji maraq daşıyan məsələ olduğuna görə ABŞ–Türkiyə, dolayısıyla Türkiyə-NATO münasibətlərinə strateji baxımdan təsir edə bilər. Digər operativ və taktiki məsələlərin isə ötəri olduğunu və müvəqqəti xarakter daşıdığını düşünürəm.

Amerikanın Səsi: Suriya hava məkanında Rusiya qırıcı təyyarəsinin Türkiyə qoşunları tərəfindən məhv edilməsindən sonra Rusiya və Türkiyə arasında böyük gərginlik yarandı. Lakin, bu gərginlikdə NATO və Qərb qurumları belə demək olarsa Türkiyəni Rusiya qarşısında yalnız buraxdı və dəstəkləmədi. Sizcə son aylarda Türkiyənin Rusiya ilə bu cür yaxınlaşmasına bu hadisənin hansı dərəcədə təsiri oldu? Ərdoğanın xarici tərəfdaş rolunda Putinə uz tutmasını nə dərəcədə uğurlu siyətsət hesab etmək olar?

Rəcəb Tayyib Ərdoğan və Valdimir Putin
Rəcəb Tayyib Ərdoğan və Valdimir Putin

Sülhəddin Əkbər: Mənə elə gəlir ki, geniş planda götürdükdə Qərblə Türkiyə arasında bugünkü ziddiyətlərin, fikir ayrılıqlarının kökündə Yeni dünya nizamında rol bölgüsü əsas rol oynayır. ABŞ və Qərbi Avropa istəyir ki, Türkiyə həmişə olduğu kimi yalnız ona ayrılan rolnan barışsın və sadəcə bu rolu icra etsin.​

Tərəflərdən birinin digərinə kəskin ehtiyacı olmayana qədər gərginlik davam edəcək

Lakin, Türkiyə kifayət qədər güclənib və yeni nizamda öz gücünə uyğun yer almaq istəyir. Bu da ABŞ-ı və digər qərb ölkələrini narahat edir. Yəni, əsas məsələ Türkiyənin nisbətən güclənməsi, müstəqil siyasət aparmağa başlası və yeni dünyada öz gücünə uyğun yer almaq istəməsi, geopolitik oyunqurucu olmasa da, oyunpozucu statusuna gəlməsiylə bağlıdır.

Digər məsələlər isə bundan törəmə məsələlərdir. Həm açıq şəkildə kəşfiyyət məlumatlarının bölüşülməsi, həm də Türkiyədə aparılan istintaq işləri və məhkəmə prosesləri göstərir ki, Qərbdəki müəyyən dairələr müstəqil siyasət aparmağa çalışan Ərdoğanı devirməkdə maraqlıdırlar.

Məncə hazırda Türkiyə ilə Qərb arasında əsas ziddiyyətin səbəbi də məhz budur. Görünən budur ki, tərəflərdən heç biri artıq güzəştə getmək istəmir. Ona görə də düşünürəm ki, tərəflərdən birinin digərinə kəskin ehtiyacı olmayana qədər bu gərginlik davam edəcək. Bu gərginlik davam etdikcə də Türkiyə alternativ axtarışlarını davam etdirəcək. Amma bu alternativ arayışı Qərblə münasibətlərini pozmaq bahasına olmayacaq. Operativ taktiki baxımdan hazırda Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var.

Amerikanın Səsi: Türkiyə regionda Azərbaycanın ən yaxın tərəfdaşı hesab edilir. Türkiyənin bu şəkildə ABŞ, NATO və digər Qərb qurumlarından uzaqlaşaraq iran və Rusiyayla yaxınlaşması Azərbaycanın geosiyasi vəziyyətinə hansı təsirləri ola bilər?

Azərbaycanda avtoritar rejim mövcud olduğundan o özünə siyasi qohumu olan rejimlərə daha çox meyl edir

Sülhəddin Əkbər: Nəzərə almalıyıq ki, Azərbaycanın mövcud hakimiyyəti həm Avropa, həm də Avroatlantik qurumlarla soyuq siyasət aparır və hökümətin nə Avropa Birliyinə, nə də NATO-ya üzv olmaq kimi bir niyyəti yoxdur. Eyni zamanda hökümət ölkədə demokratik, siyasi, iqtisadi və hərbi sahədə hüquqi islahatlar aparmaq niyyətində də deyil. Yəni, Azərbaycanda avtoritar rejim mövcud olduğundan o özünə siyasi qohumu olan rejimlərə daha çox meyl edir. Ona görə də bugünkü mövcud hakimiyyətin Rusiya başda olmaqla avtoritar məkana meyllənməsinə mən təbii baxıram. Çünki, bu tip rejimlərin demokratik dünya ilə əlaqələrinin çox məhdud potensialı var. Azərbaycan da bu potensialı tükədib.

Azərbaycan NATO ilə münasibətlərində 5-ci ildir ki, sinifdə qalır

Heç təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı özü də etiraf etdi ki, NATO ilə Azərbaycan münasibətləri 5-ci mərhələdir ki, eyni yerdədir. Azərbaycan Şərq tərəfdaşlığı proqramı çərçivəsində artıq 5-ci proqra həyata keçirir. Adətən NATO ilə yaxınlaşmaq istəyən ölkələr çalışırlar ki, hər mərhələni sürətlə bitirib, növbəti mərhələyə keçsinlər. Azərbaycan isə növbəti mərhələyə keçmək istəmədiyinə görə eyni bir mərhələdə 5-ci dövrəni vurmaqda davam edir. Yəni, Azərbaycan NATO ilə münasibətlərində 5-ci ildir ki, sinifdə qalır. Ona görə də düşünürəm ki, Azərbaycan hakimiyyəti yaranmış vəziyyətdən məmnundur. Regionda ənənəvi oyunçular olan Rusiya, Türkiyə və İranın yaxınlaşması onun da işinə yarayır və siyasi maraqlarına uyğun gəlir.

XS
SM
MD
LG