Bir qrup siyasi məhbusun ailə üzvləri və müxalifət fəalları fevralın 19-da yenidən ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Onlar Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsini tələb ediblər və Qərb diplomatlarının diqqətini bu problemə cəlb etməyə çalışıblar.
Aksiyada xeberman.com saytının təsisçisi Polad Aslanovun və Azel.tv saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları iştirak ediblər.
Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar yazılmış plakatlar, habelə onların portretlərini tutublar.
Onlar Novruz bayramı ərəfəsində siyasi məhbusları əfv etməyi və daha sonra onlara bəraət verməyi tələb ediblər.
Aksiyanın başlamasından bir neçə dəqiqə sonra gələn polis dəstələri onların əllərindəki şəkilləri alaraq, aksiya iştirakçılarını səfirliyin qarşısından uzaqlaşdırıblar. Polis Sevinc Sadıqovanı və Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanı saxlayıb. Sevinc Sadıqova deyir ki, o, polis maşınına zorla mindirilib.
Bu zaman polis aksiyanı işıqlandıran jurnalistlərdən çəkiliş aparmamağı tələb ediblər, jurnalistlərin maskalarını çıxarmalarını, onların özlərinin və vəsiqələrinin şəklini çəkməki istəyiblər.
Turan İnformasiya agentliyinin müxbiri Səlimə Cəlilova Amerikanın Səsinə bildirib ki, polis aksiya bitəndən sonra onun jurnalist vəsiqəsinin şəklini çəkib.
Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ildən kütləvi toplantıların dayandırıldığı açıqlanıb.
Hakimiyyət təmsilçiləri istər tənqidçilərin susdurulması, istərsə seçkilərdə saxtakarlığa dair indiyədək səslənən fikirləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.
Siyasi məhbusların ailə üzvləri bir müddət əvvəl də ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar bütün siyasi məhbuslara azadlıq və bəraəttələb edən bannerlər, jurnalistlər Polad Aslanov və Əfqan Sadıqov, Gəncə məhbuslarının fotolarını qaldırıb.
Onlar ABŞ-ın Azərbaycandakı Səfirliyi də daxil olmaqla bütün xarici təşkilatları, nümayəndəlikləri siyasi məhbus kimi tanınan şəxslərin məhkəmə proseslərində iştirak etmələyə çağırıb.
Aksiya ilə bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə bunları deyib:
“Biz bütün insanların dinc şəkildə etiraz etmək və azad toplaşma hüquqlarını dəstəkləyirik.”